Səhnəyə həsr edilmiş qısa bir ömür Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, 1972-ci ildə Cəfər Cabbarlı adına kinostudiyanın çəkdiyi "Xatirələr sahili" filmində gənc analardan birinin rolunu oynayıb. Ailəyə bağlılıq hissi sonradan onu C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına çəkib gətirib.

Həyat yoldaşı Vəli Babayev Naxçıvan teatrında rejissor işləyib. Sonanın Naxçıvana bağlılığı da bundan irəli gəlib...

 

Beləliklə Sona Mirzəyeva 1977-ci ildən öz taleyini Naxçıvan teatrına bağlayıb. O, bu sənət ocağında kəskin surətdə bir-birindən fərqlənən klassik və müasir səpkili obrazlarla yanaşı, lirik psixoloji obrazları da yaradıb, geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb.

Bu gün niyə Sona Mirzəyevanı xatırladıq? Çünki doğum günüdür.

Sona Mirzəyeva 1950-ci il iyul ayının 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" şöbəsinə daxil olub. İnstitutda oxuyan zaman tələbə aktrisa kimi dolğun, məzmunlu rolları ilə nəzəri cəlb edib. Sonanın kurs rəhbəri, Azərbaycan SSR xalq artisti, Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Tofiq Kazımov onun istedadını görüb.

Azərbaycan Dövlət Akademik Teatrına işə dəvət edib. Sona Mirzəyeva orada Ə. Haqverdiyevin "Pəri cadu" əsərində baş rolu — Pəri obrazını oynayıb. Sonanın ciddi yaradıcılığ səyi nəticəsində Pərini xarakter səviyyəsinə yüksəldə bilib.

Naxçıvan teatrının səhnəsində o, Ə. Əylislinin “Quşu uçan budaqlar”, Həmid Arzulunun “Əlincə qalası”, Orxan Kamalın “Yad qızı”, Tufan Oflazoğlunun “Dəli İbrahim”,  Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Hüseyn Cavidin “Şeyx Sənan”, H. Orucovun “Məni qınamayın” tamaşalarında Səltənət, Gilan ana, Nazan, Kəsəm Sultan, Zəhrabəyim, Zəhra, Nərgiz kimi qəribə taleli, narahat hisslərlə yaşayan psixoloji obrazlar ifa edib.

 

Sona Mirzəyeva 15 noyabr 1984-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb.

Aktrisa 1985-ci il avqustun 27-də 35 yaşında Bakı şəhərində vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.