Onu Bakıya Cəfər Cabbarlı dəvət edib Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sizə kimdən danışım, kimdən danışım, köhnə kinoçulardan. Köhnə filmlərimizi kim bəyənmir ki?

 

Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulub. Uşaqlığı ağır keçib. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olub. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişib, C. Cabbarlı onu məktəbə cəlb edib. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam edib. M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayıb.

O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkilib. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləyib. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib. Özünü bacarıqlı təşkilatçı və xarakter aktyor kimi tanıdan Əlilini Çeçen-İnquş MSSR-ə peşəkar teatr yaratmaq məqsədilə ezam ediblər.

Burada da etimadı layiqincə doğruldan Məmmədi Cəfər Cabbarlı Bakıya dəvət edib. O vaxt "Almaz" bədii filmi çəkilirdi və Əlili rejissor asistenti kimi işə başlayıb. O, Cəfər Cabbarlının bütün tamaşalarının ərsəyə gəlməsində əvəzedilməz rol oynayıb. Həmin dövrlərdə Azərbaycanda çəkilmiş bütün kinolarda Əlilinin böyük əməyi vardı. O, "Dənizi fəth edənlər" filminin çəkilişləri zamanı yanğının içində bəzi kadrları çəkib və səhnə elə buna görə də çox təbii alınıb.

Əlili Neft Daşlarının fəxri vətəndaşı olub. Orada heç kəsə 10 gündən artıq qalmağa icazə verilməyib, ona isə 9 ay qalmaq nəsib olub. "Dənizçilər haqda dastan" və "Dənizi fəth edənlər" filmləri məhz Neft Daşlarında çəkilib. Əlili məşhur rejissorlar Ç.Q.Sabinski, İ.A.Savçenko, Boris Barnet, İosif Xeyfits, A.Zorxi, Qriqori Aleksandrov, R. Karmen və başqaları ilə işləyib, onlardan öyrənib. Onun Azərbaycanın əməkdar incəsənət xadimi adını almasında R.Karmenin xüsusi rolu olub.

Müvəffəqiyyətlə çəkdikləri "Dənizçilər haqqında dastan" və "Dənizi fəth edənlər" filmləri böyük uğur qazanıb və bir sıra sənətkarlara buna görə fəxri ad verilib. R.Karmen Əlilinin də adını o siyahıya saldırıb Moskvaya gedib, amma Əlilinin familiyasının siyahıdan çıxarıldığını eşidib. Bundan sonra o Məmməd Əlilinin adını bərpa elətdirməyə nail olub. Bir versiyaya görə məhz familiyasına görə Məmməd Əliliyə ad vermək istəməyiblər. 13 iyun 1993-cü ildə 94 yaşında vəfat edib.

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

 

Filmoqrafiya

- Arşın mal alan (film, 1917)

- Arşın mal alan (film, 1965)

- Babək (film, 1979)

- Bakılılar (film, 1938)

- Bakının işıqları (film, 1950)

- Bəxtiyar (film, 1942)

- Bəxtiyar (film, 1955)

- Bir məhəllədən iki nəfər (film, 1957)

- Bismillah (film, 1925)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.