Sevgilisinə görə bıçaqlanan aktyor Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cəlbedici başlıqla başladım - Sevgilisinə görə bıçaqlanan aktyor. Bu hansı aktyordur? Əlbəttə ki, Xalq artisti Ramiz Novruz.

Bu gün onun ad günüdür. Onun həyat və yaradıcılığı barədə danışacağıq.

Bıçaqlanma səhnəsini hələ bir az sonraya saxlayaq.

 

Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib.

Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:

- Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),

- Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev),

- Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),

- Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),

- Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev),

- Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev),

- Seyton ("Maqbet" Uilyam Şekspir),

- Edmund ("Kral Lir", Uilyam Şekspir),

- Kreon ("Medeya", J. Anuy),

- İbn Yəmin ("İblis", Hüseyn Cavid)

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H. Cavidin "Topal Teymur" (Divanbəy), L. Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V. Şekspirin "Antoni və Kleopatra" (Antonio), O. Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynayıb.

Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1992-ci ilin sonunda həmin pyes AzTV-də rejissor B. Osmanovun quruluşunda çəkilib. R. Novruz öz pyesində Murad rolunda oynayıb.

1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulub. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi tamaşaya qoyub, həmçinin bu əsərdə Attillio rolunu ifa edib.

Beynəlxalq Teatr festivallarının mükafatçısıdır.

Şəxsi həyatına gəlincə, çox erkən yaşda aktyor sevib seçdiyi Xoşavaz xanımla nişanlanıb. Həyat yoldaşı kənddə yaşadığından Ramiz bəy universitetdə təhsil aldığı illərdə tez-tez nişanlısının yaşadığı kəndə gedib, onunla görüşə can atıb. Belə günlərin birində kənddə nişanlısı ilə bağlı baş verən davaya qoşulub, hətta bu dava zamanı aktyoru bıçaqlayıblar da.

Təhsilini başa vurandan sonra onlar ailə qurublar. Ramiz Novruz hərbi xidmətə yollanıb. Qızı Şəfəqin bir yaşı olanda, Ramiz müəllim hərbi xidmətdə olub. Sonra onların Cavidan adlı bir oğulları da dünyaya gəlib.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 5 dəfə Prezident Mükafatına, 9 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

29 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Filmoqrafiya

1. Alman klinikasına şəxsi səfər – Baba Əliyev

2. At ilinin birinci ayı – Murad

3. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film

4. Bakı, məhəbbətim mənim...

5. Beşmərtəbəli evin altıncı mərtəbəsi – Muxtar

6. Bəyaz həyat – çapıq

7. Cavad xan – Sisianov

8. Cavid ömrü – Mircəfər Bağırov

9. Dəfn edilməmiş ölülər

 

 

Oynadığı hər rol aktyorun ürəyincəmi olub?

Deyim ki yox. Aktyor “Dodaqdan qəlbə” serialındakı roluna çəkilmək istəməyib. Hətta sonralar bu rola görə xəcalət çəkdiyini bildirib. Ancaq serialın rejissoru Lütfi Məmmədbəyov Ramiz Novruzu bu rola çəkməkdə israr edib.

Müsahibələrinin birində aktyor deyib:

“Demişdim ki, bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman 1 May küçəsində (indiki Dilarə Əliyeva küçəsi) yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım.

Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə yazandan sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, “Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən, peşman olarsan”. Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil”.

Filmə çəkilməsi barədə aktyor müsahibələrinin birində deyib:

“Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik.

Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir stereotip yaranmışdı ki, onsuz da, baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq. Bir həftə sonra məni kinostudiyaya çağırdılar.

Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik.

Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusda yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə, bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə, təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı”.

Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkib və 20 fevral 2023-cü il tarixində vəfat edib. Ümumşəhər qəbiristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.