İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Romen” qaraçı teatrı barədə eşitmisiniz? Dünyada yeganə olan qaraçı teatrıdır. Rəsmən belə adlanır - "Romen" Moskva Musiqili-Dram Teatrı. Onun Bakı ilə nə əlaqəsi? Onun ən şöhrətli aktrisası bakılı Tamilla Ağamirova olubdur bir zamanlar.
Bu gün aktrisanın anadan olmasının 98-ci ildönümüdür.
1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb.
Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. "Romen" dövrü 1952-ci ildən başlayıb. Aktrisa aktiv ictimai fəaliyyətlə də məşğul olub. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri olub.
1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açılıb. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazanıb və bir sıra filmlərdə baş rola dəvət edilib.
Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar.
Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenko olub. O, SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır.
Filmoqrafiya
- Don Kixot (film, 1957)
- Onun böyük ürəyi (film, 1958)
- Əsl dost (film, 1959)
- Matteo Falkone (film, 1960)
- Koroğlu (film, 1960)
- Zəncirlənmiş adam (film, 1964)
- Yenilməz batalyon (film, 1965)
Aktrisa 31 Avqust 2021 -ci ildə həyat yoldaşı Nikolay Sliçenkonun ölümündən iki ay sonra 94 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.05.2026)


