1913-cü ildə 15 yaşlı Hüseynağaya ilk dəfə müstəqil və sözlü rol tapşırılır... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qədim Şirvan diyarı. Şamaxı. Başı bəlalar çəkən, zəlzələlər, yağı hücumları nəticəsində məhv olan, amma külündən yenidən dirçələn dahilər məmləkəti. Buradan böyük ədiblər və musiqi xadimləri çıxıblar. Həm də teatr və kino xadimləri. Onların bəzilərini, xüsusən ötən əsrin əvvəllərində sənətdə olanları tanımırıq. Amma tanınmaq borcumuzdur.

 

Hüseynağa Hacıbababəyovdan danışacağıq. Milli operamızda izlər qoymuş bir şəxsdir o. Operadan da danışdınsa, demək, həm musiqi, həm də teatr mövsusunu əhatələyəcəyik.

Hüseynağa Hacıbababəyov 1898-ci il may ayının 19-da Şamaxıda anadan olub. Ailəsi ilə birlikdə 1902-ci ildə Bakıya köçüb. Uşaqlıqdan teatr sənətinə marağı olub. Hüseynağa burada əvvəlcə "Alekseyski" məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil alıb. 1910-cu ildə "Nicat" mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunub.

1913-cü ildən başlayaraq "Səfa" mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə dramatik və musiqili teatr aktyoru kimi çalışıb. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışıb, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləyib.

Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", "Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Qəribin anasının ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Gülzarın ("Şah İsmayıl", Müslüm Maqomayev) partiyalarını ifa edib.

1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərib: Çar Brendey, Hindli qonaq ("Qar qız" və "Sadko", Nikolay Rimski-Korsakov), Qərib ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm ("Məşədi İbad", "Arşın mal alan", "Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyli), Lenski ("Yevgeni Onegin", Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl ("Nərgiz" və "Şah İsmayıl", Müslüm Maqomayev), Qraf Almavivo ("Sevilya bərbəri", Coakkino Rossini).

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934

- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938

- "Qırmızı əmək bayrağı" ordeni — 17 aprel 1938

- "Şərəf nişanı" ordeni — 9 iyun 1959

 

Hüseynağa Hacıbababəyovun həyat və yaradıcılığını tədqiqi edənlərdən biri də akademik Rafael Hüseynov olubdur.

Məncə, ona ən dəqiq qiyməti də o veribdir:

“İnsan öz ömrünü yaşayır, vaxt axarı ilə gedir, hadisələr bir-birini izləyir, buna elə təsadüflər sırası kimi baxırsan. Amma yalnız ömrün müəyyən həddinə gəlib çatandan sonra anlayırsan ki, sanki bütün bunlar irəlicədən bir ssenari kimi yazılıbmış, nədən sonra nəyin gəlməsi, necə gəlməsi ilahi dəqiqliklə hesablanıbmış. Məktəbdə ona nəğmə dərsini Hənəfi Terequlov deyirdi.

O Hənəfi Terequlov ki, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin qaynı olmaqdan savayı, həm də onların ən etibarlı silahdaşlarından, məsləkdaşlarından idi və opera ilə birbaşa bağlıydı. Hüseynağanın da, qardaşı Rzanın da hələ məktəbdəki nəğmə dərslərində oxuları ilə başqalarından qat-qat üstün olduqları aşkarca görünürdü.

 1910-cu ildə "Nicat" cəmiyyəti xor heyətini genişləndirmək üçün qərara alır ki, babat səsi olan məktəblilərdən də cəlb eləsin.  Müsabiqə keçirirlər və az-çox səsi olan şagirdləri yoxlayırlar. Hüseynağa ilə Rzanın zəmanətini artıq Hənəfi Terequlov vermişdi. Uşaqları dinləyirlər, görürlər ki, elə Hənəfinin dediyincə varmış. Müsabiqədə hamıdan yüksək qiymət alaraq ilk qəbul edilənlər də bu iki qardaş olur. 1908-ci il idi.

Hüseynağanın 10 yaşı vardı və axşamlardan birində onun həyatında möcüzə baş verir. Böyük qardaşı Rza onu özü ilə birinci dəfə teatra aparır. Onillər ötəndən sonra Hüseynağa Hacıbababəyov o günlərin həyəcanlı təəssüratlarını yada salırdı. Deyirdi ki, mən məscidlərdə, meydanlarda şəbih tamaşalarını görmüşdüm, "Tumannaya kartina" adlı filmə də baxmışdım. Ancaq qardaşımın məni apardığı, o axşam gördüyüm tamam ayrı bir aləm idi. 1908-ci il idi. Əslində bütün Azərbaycan möcüzə yaşayırdı. "Leyli və Məcnun" səhnəyə gəlmişdi. "Leyli və Məcnun" tamaşasının hər yeni nümayişi ilə Azərbaycan mədəniyyətində yenicə tumurcuqlayan bu sənət növü təzə-təzə pərəstişkarlar qazanırdı. 1908-ci il idi. Hüseynağanın vur-tut 10 yaşı vardı.

Həyatında ilk dəfə teatra gəlmişdi, birinci kərə opera görmüşdü və görüncə valeh olmuş, bu gözələ bir könüldən min könülə vurulmuşdu. Və bu uşağın, onun kimi neçə-neçə yeniyetmənin, neçə gəncin ürəyində yaranan atəşin məhəbbətin səbəbkarı həmin Üzeyir bəy idi. Heyran qoyub sənət aşiqinə çevirdiyi gənclərdən əslində yaşca çox da böyük olmayan mözücə cavan!

O Üzeyir bəy ki, Azərbaycan mədəni həyatında bir təlatüm qoparmışdı. Hüseynağa o çağlarda sehrə düşənlərdən bircəsi idi. Amma eyni sevgi mərəzinə "mübtəla" olanlardan vur-tut 10 yaşlı Hüseynağanın fərqi bu oldu ki, həmin sevda onun başından həyatının sonunacan getmədi, ömrünün mənasına çevrildi. İkicə il sonra 12 yaşlı Hüseynağa Hacıbababəyov artıq operada xorda oxuyurdu.

İllər ötəcək, yaşı çatacaq 60-a, 60-ı da keçəcək və həmin yaşdaykən müsahibələr verərkən, ya söhbətlərində söyləyəndə ki, "mən yarım əsrdən artıqdır səhnədəyəm", bu deyiş çoxuna inanılmaz, şişirtmə kimi gələcək. Necə yəni yarım əsrdir səhnədədir, bunun ki 60 illiyi, türkün sözü, "dünən yox, srağagün" qeyd edildi.

Amma kimin necə qavraması və yozmasından asılı olamayaraq, bu, həqiqət idi - 60 illik bir ömür, onun 50 ili səhnədə, 70 illik həyat, bunun 60 ili teatrda. Və 1913-cü ildə Hüseynağa Hacıbababəyova ilk dəfə artıq müstəqil və sözlü rol tapşırılır. "Gave-yi ahəngər" oynanılırmış, Hüseynağaya Gavənin oğlu rolu həvalə edilir.

Həmin anda bəxtiyar idi, amma sabahkı günü, qarşıdakı illəri və onilləri o dəmdə irəlicədən heç vəchlə görə və təsəvvür edə bilmədiyindən xəbərsizdi ki, indi bu rolu ifa etməsi onun həyatındakı ən nadir hadisələrdəndir. Çünki sonra illər boyu Hüseynağa Hacıbababəyov səhnəmizdə yalnız qadın rollarını oynamalı olacaqdı.

Yol yeni başlanırdı, qarşıda ümidlər sayrışırdı, fərəhlərlə daşan gənc Hüseynağa Hacıbababəyov məsud idi - çünki iki böyük məktəbin qoynundaydı, bir tərəfdən əzəmətli aktyorlardan dram sənətinin incəliklərini mənimsəmək üçün hər ləhzə gözəlcə fürsəti vardı, digər yandan operanın böyük müğənnilərinin böyründə idi, onlardan səhnədən avazla ovsunlamanın gizlinclərini öyrənməyə qapılar açıqdı.

Və tale hədiyyəsi olaraq yolunun lap siftəsindən hərəsi bir məktəb, özlüyündə müstəqil bir yol olan azman sənətkarların yanında qərar tutması sonralar Hüseynağa Hacıbababəyovun özünü də təkrarsız məktəbə çevirdi…”

Bx belə! Təkrarsız məktəb!

Milli opera sənətinin görkəmli nümayəndəsi, müğənni Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.