İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Rza Rüstəm oğlu Cəfərzadə - səhnə fəaliyyətində Rza Əfqanlı kimi tanınan sənətkarın bu gün doğum günüdür, anadan olmasının 127-ci ildönümüdür.
Rza Əfqanlı 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib.
1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib.
1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir.
Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Stalin" mükafatı (ikinci dərəcə) (Azərbaycan Dövlət Dram Teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" dramının tamaşasında Fərhad rolunun ifasına görə)
- "Lenin" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni
Filmoqrafiya
1. Bakılılar (film, 1938) — Cəfər
2. Kəndlilər (film, 1939) — Abbas
3. Yeni horizont (film, 1940) — professor Əhmədov
4. O olmasın, bu olsun (film, 1956) — Cəlil Məmmədquluzadə
5. Aygün (film, 1960) — müəllim
6. İyirmialtılar (film, 1966) — Süleyman
7. Dağlarda döyüş (film, 1967) — Sərxan
Sənətkarın tale hekayətində maraqlı məqamlar az olmayıbdır.
Otuzuncu illərdə İran vətəndaşlarını geriyə deportasiya edirdilər. Rza Əfqanlı aktyor olduğu və teatrda çalışdığı üçün qalası olur. İrana dönmədiyi və İran vətəndaşlığından imtina etmədiyi üçün onu burada həbs edirlər. Həbsxana Azad Qadın heykəlinin yanında yerləşən və uzun illər “Karamel fabriki” yerləşən bina imiş.
Bir gün həbsxananın pəncərəsindən baxanda Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir bəy qızını görür. Ona möhkəm vurulur. Həbsxanadan çıxandan sonra həmin xanımı tapıb, oan könlümnü açır və bəxt üzünə doğur, onunla ailə həyatı qurur. Bu nikahdan onların Xumar adlı qızları dünyaya gəlir.
1943-cü ildə Adil İsgəndərov Rza Əfqanlını yanına çağırıb “Otello” tamaşası üzərində işləməyi təklif edir. O, bu tamaşada Rza Əfqanlıya Otello rolunu həvalə edir. Aktyor razı olmur. Öz yerinə Ələsgər Ələkbərovu tövsiyə edir. Ancaq Adil İsgəndərovdan sonra vəziyyət dəyişir. Teatra təzə direktor, baş rejissor gəlir.
Bu ərəfdə Ələsgər Ələkbərov da dünyasını dəyişir. Bir gün direktor Rza Əfqanlını çağırıb ona “Otello”nu yenidən bərpa etdiyini bildirir. Ancaq tamaşa ilə bağlı verilən qərarlar Rza Əfqanlının xoşuna gəlmir. O, direktru möhkəm tənqid edir. Direktor isə ona ərizəsini yazıb teatrdan getməyi təklif edir. Aktyor elə də edir və teatrdan çıxır…
Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


