Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Kino sahəsində aparıcı beynəlxalq nəşrlərdən olan “Screen İnternational” jurnalının may ayında dərc olunan buraxılışının üz qabığı Azərbaycana həsr olunub.
Jurnalın üz qabığına çıxarılan materialda Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizminin tətbiqindən danışılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli Qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilmiş xərclərin 25 faizi istehsalçıya geri qaytarılır. Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarlarının azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin daha 15 faizi məbləğində vəsait istehsalçıya geri ödəniləcək. Beləliklə, istehsalçı şirkət xərclərinin 40%-ə qədərini geri ala biləcək. Bunu əsas götürərək, jurnal Azərbaycanın xarici film istehsalçılarının sevimli məkanına çevriləcəyini bəyan edir.
Jurnalın may buraxılışı Kannda keçirilən Beynəlxalq Kino Festivalına həsr edilib. Hazırda Azərbaycanın nümayəndə heyətinin Kannda milli stend ilə təmsil olunur.
Qeyd edim ki, Britaniyada dərc olunan “Screen International” jurnalının əsas auditoriyası kino biznesində çalışan peşəkar şəxslərdən ibarətdir. Jurnalın digər missiyası beynəlxalq kino festivallarını işıqlandırmaqdır. Əsası 1889-cu ildə qoyulan jurnal 1975-ci ildən indiki adı ilə nəşr olunur.
“Ədəbiyyat və incəsənət”
(14.05.2026)


