İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Film çəkilişləri zamanı oğullarını da özüylə aparırdı. Bir səhnə çəkiləndə böyük oğlu çəkiliş meydançasında kənardan dayanıb diqqətlə ona baxırmış. Anası oynayanda o da rəqs edir. Hər dəfə də oynayıb kadra düşür, hər şeyi korlayırmış. Rejissor məcbur olub bu hissəni hər dəfə yenidən çəkirmiş.
Kiçik oğlum isə çəkiliş zamanı nəzərlərdən yayınıb quyudan su çıxarılan vedrə ilə o qədər su çıxarıbmış ki, axırda vedrə başına dəymiş, huşunu itirmişdi...
Film çəkilişləri onun şəxsi həytını əlindən almışdı...
Aktrisa Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlayıb. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.
Məleykə xanım evin tək övladı olub. Anası evdar qadın, atası isə fəhlə işləyib. Aktrisanın özünün dediyinə görə nəsillərində heç kim incəsənətlə məşğul olmayıb. Orta məktəbi bitirən Məleykə Ağazadə daha sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bəstəkar Süleyman Ələsgərovun tələbəsi olub.
Süleyman Ələsgərov onu əlaçı tələbəsi kimi çox istəyib. Onu hər dəfə görəndə deyirmiş, ay qızım, sənin bir dənə də olsun 4-ün yoxdur, hamısı beşdir.
Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.
1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. O, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
Filmoqrafiya
1. Qızmar günəş altında
2. Onu bağışlamaq olarmı?
3. Qəribə əhvalat
4. Ulduz
5. Yaşamaq gözəldir, qardaşım!
6. Var olun, qızlar...
Şəxsi həyatı isə faciələrdən yan ötməyib. Onun haqqında internetdə rastıma çıxan yazıların biri məhz belə adlanır: “Əri teatrdan ayırdı, uşağı yanğına düşdü, dünyadan ağlaya-ağlaya köçdü – Səhnəmizin Nazikinin həyat dramı”.
Aktrisa öz xatirələrində deyirdi: “Asəf Zeynallı musiqi məktəbində oxuyan zaman rəfiqəmin qardaşı rəssam Fərrux Ağazadə ilə tanış oldum. Bacısının ardınca məktəbə gələn gənc rəssam məni görüb vurulmuşdu. Mən də rəssama qarşı laqeyd qalmadım. Bir müddət sonra ailə qurduq. Bu evlilikdən iki oğlumuz dünyaya gəldi. Həyat yoldaşım mənim üçün bu dünayada ən yaxşı rəssam idi. O məni, mən də onu çox istəyirdim. 56 il onunla çox mehriban yaşamışıq.
Ailə qurandan sonra da Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərdim. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada müxtəlif rollarda çıxış edərək tamaşaçı rəğbəti qazandım, eyni zamanda “Var olun, qızlar”, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı”və s. məşhur filmlərdə bənzərsiz obrazlar yaradıb. Şübhəsiz, mənə ən çox uğur gətirən, məni tamaşaçıya sevdirən rolum “Ulduz” filmindəki Nazilə obrazıdır. Bu filmə dəvət almağına səbəb Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində davamlı olaraq 10 il bir-birindən maraqlı obrazlar yaratmam olub.
Uşaqlarım azyaşlı olduğu üçün oğlanlarımı da özümlə bərabər çəkilişə aparırdım. Üç ay yay fəslində, qızmar günəş altında Astarada çəkilişlərə davam gətirməli olduq.
Bir dəfə yenə film çəkilişində olan zaman mənə zəng vurub xəbər verdilər ki, evimdə yanğın baş verib, təcili evə gəlməlisən. Evimə çatanda həqiqətən də yanğın baş verdiyini. oğlunun da yanıq zədələri aldığını gördüm. Uşağı həkimlərin köməyi ilə xilas etmək mümkün oldu.
“Onu bağışlamaq olarmı” filminə çəkilən zaman oğlum Çingiz 9 aylıq idi. Gündüzlər tamaşalar olduğundan filmin çəkilişləri gecələr olurdu. Xəstəxanada Sevdanın gözünün əməliyyat olunması səhnəsi çəkilən vaxt evdən zəng gəldi, təcili evə çağırırdılar..Evinə gələndə həyətdə təcili yardım maşınını görüb bərk qorxdum. Məlum oldu ki, oğlumun temperaturu qalxıb, özündə deyil. Həyəcandan nişan üzüyü olan barmağım ilə alnıma döyərək ağlamağa başladım... Uşaq yaxşılaşandan sonra isə elə gecə ikən yenidən çəkilişə qayıtmalı oldum...”
Aktrisa hələ gənclik illərindən teatrdakı işindən ayrılmalı olub. O, bunu ailə vəziyyəti ilə əlaqələndirib deyirmiş: “Uşaqlarım oldu, yoldaşım da həmişə hirsənirdi işimə görə. Uşaqlarıma, ailmə görə 1963-cü ildə teatrdan uzaqlaşdım. Amma kinolarda çəkilirdim...”
Aktrisa 24 aprel 2019-cu ildə şəkər xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


