Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Filmlərimizin beynəlxalq müstəviyə çıxması halları ara-sıra baş verməkdədir və bu da ona dəlalət edir ki, kinomuz böhrandan çıxmaq üzrədir. “Boşluğa Xütbə” filmi yenidən beynəlxalq arenada nümayiş ediləcək. Film Türkiyənin ən nüfuzlu kino festivallarından biri olan “45-ci İstanbul Film Festivalı”nın rəsmi proqramına daxil edilib.
“Boşluğa Xütbə” festivalın dünya festivallarında fərqlənən filmlərin yer aldığı “Devrialem” (Dünya ətrafında) bölməsində nümayiş olunacaq.
Ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən post-prodakşn mərhələsində dəstəklənib. Film 82-ci Venesiya Beynəlxalq Film Festivalı, Tokio Beynəlxalq Film Festivalı və Qahirə Beynəlxalq Film Festivalı kimi mötəbər festivallarda iştirak edib.
Azərbaycan-Türkiyə-Meksika ortaq istehsalı olan filmin prodüseri və ssenari müəllifi Hilal Baydarov, birgə istehsalçıları Karlos Reyqadas, Qafar Dəmirçi və Burak Çevikdir.
Film mənəvi yüksəlişdən sonra qiyamət ərəfəsində dünyaya qayıdan İsmayılın bəşəriyyəti xilas etmək üçün “Diriliş Suyu”nu axtarmasından bəhs edir. Səfər boyu ona Qaraca Çoban qoşulur, lakin ümidini itirdikdə İsmayıl yoluna tək davam edir və dirçəlişin mənbəyini göylərdə deyil, məhz yerdə tapır.
“Ədəbiyyat və incəsənət”
(10.04.2026)


