O, dünya tarixinə Şərqin ilk qadın balerinası kimi düşüb Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Siz bir düşünün, ötən əsrin əvvəllərində - o mövhumat, fanatizm, cəhalət dövründə baletin adını çəkmək olardımı? Düşünməyin ki, çarizm deyil, SSRİ dönəmindən danışırsansa, o zamanlarda hər şey tərəqqidə idi, balet də. Xeyir. SSRİ-nin 20-ci, 30-cu illərindəki qaragüruhçuluq dəhşətli həddə idi. Amma sənət yolunda canlarını təhlükəyə atanlar hər halda var idi. Qəmər xanım Alaszadə kimi.

 

Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınırdı) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilib. Lakin bir neçə ildən sonra sirrin üstü açılıb.

Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlib və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünüb. 1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olub.

1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilib. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdıb.

1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyub. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayıb. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib. Daha sonra həmin məktəbin direktoru olub.

1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edib. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış edib. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunub. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb.

 

Quruluş verdiyi əsərlər

- "Tərlan" baleti (1940) — xoreoqrafiya məktəbi

- "Qız qalası" baleti (1940, 1958, 1977)

- "Gülşən" baleti (1949, 1951, 1959)

- "Doktor Aybolit" baleti (1949)

- "Baxçasaray fontanı" baleti (1951)

- "Yeddi gözəl" baleti (1952)

- "Qırmızı lalə" baleti (1954)

- "Yatmış gözəl" baleti (1955)

- "Laurensiya" baleti (1956)

- "Qızıl açar" baleti (1957)

- "Arlekinada" baleti (1959)

- "Qaraca qız" baleti (1965)

- "Məhsul" suitası (1959)

- "Jizal" baleti (1961)

 

İfa etdiyi rollar

- Tao Xoa — R. Qlierin "Qırmızı lalə" baletində (1931)

- Medora — A. Adanın "Korsar" baletində (1936)

- Mariya — B. Asafyevin "Baxçasaray fontanı" baletində (1939)

- Gülyanaq — Ə. Bədəlbəylinin "Qız qalası" baletində (1940)

- Raymonda — A. Qlazuovun "Raymonda" baletində (1943)

- Odetta-Odilliya — R. Çaykovskinin "Qu gölü" baletində (1943)

- Kitri — L. Minkusun "Don Kixot" baletində (1945)

 

Filmoqrafiya

1. Rəqs edən bağalar (film, 1935)

2. Axşam konserti (film, 1948)

3. Doğma xalqıma (film, 1954)

4. Əmək və qızılgül (film, 1962)

5. Əfsanələr aləmində (film, 1975)

6. Qəmər Almaszadə (film)

7. Qızıl fonddan seçmələr (film, 2001)

8. Odla təmasda (film, 1972)

9. Respublikam haqqında həqiqət (film, 1972)

10. Dünya bir pəncərədir. Qəmər Almaszadə. GünAzTv-də veriliş, 2008.

 

Təltif və mükafatları

- "SSRİ xalq artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Stalin" mükafatı

- "Lenin" ordeni

- "Oktyabr inqilabı" ordeni

- "Xalqlar Dostluğu" ordeni

- "Şöhrət" ordeni

- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Teatr Xadimi" qızıl medalı

 

Gələcək həyat yoldaşı Əfrasiyab Bədəlbəyli ilə tanış olanda, Qəmər xanımın 16 yaşı var imiş. Əfrasiyab bəy ondan 7 yaş böyük olub və Qəmər xanım ona «ailəmiz çox ciddidir. Ya elçi göndərməlisiniz, ya da görüşə bilmərik» deyib. Bundan sonra Əfrasiyab bəy onlara elçi göndərib, Qəmər xanımla evlənib. Onların arasında çox güclü sevgi olub.

Əfrasiyab bəy «Qız qalası» baletini Qəmər xanıma həsr edib. Əsas partiyanın ilk ifaçısı da elə Qəmər xanım özü olub. Əfrasiyab Bədəlbəyli ilə birlikdə təhsillərini davam etdirmək üçün indiki Sankt-Peterburqa gediblər. Qeyd etdiyimiz kimi, Qəmər xanım A.Vakanova adına Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub, Əfrasiyab bəy isə konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alıb. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdıblar.

Çox təəssüf ki, həyat bəzən gözlənilməz «sürprizlərlə» insanları kədərləndirir. Qəmər xanımın birinci hamiləliyi uğursuz olduqdan sonra daha uşaq istəməyib. Əfrasiyab bəyin övlad arzusu isə bitib-tükənmək bilmirdi. Ehtimal olunur ki, ailənin dağılmasına səbəb elə bu olub. Əfrasiyab bəy Qəmər xanımla olan ayrılığından sonra Yevgeniya adlı bir qadınla evlənib. Həmin xanımın oğlu onu «ata» deyə çağırırmış.

Buna baxmayaraq, Əfrasiyab bəy Qəmər xanımla son günə qədər əlaqəsini kəsməyib. Onlar bir-birlərinin evinə qonaq gedir, nəyisə müzakirə edirdilər. Onların arasında olan dostluq, mehribanlıq ömürlərinin son gününəcən davam edib.

Yaşadığı çətinliklərə baxmayaraq Qəmər xanım qəşəng geyinməyi çox sevən xanım olub. Onun dərzisi fransız idi. Qəmər xanım hər zaman ən son materialları, modelləri qarderobunda görməyi çox sevərdi.

O, evdə həmişə hündürdaban çəkmələrdə gəzirdi. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürürdü. Ən bahalı ətirləri alardı. Qəmər xanımın qardaşı nəvəsinin dediyinə görə bir dəfə hansısa ölkədə satıcı deyib ki, «bu ətir sizin üçün çox bahalıdır». Cavabında isə Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir deyə bir şey yoxdur, neçəyə satsalar, alacaq.

Dəbdəbə aşiqi olmasına baxmayaraq Qəmər xanım həm də qabiliyyətli ev xanımı idi, qonaq çağırmağı çox sevirdi. Teatrda belə həmişə şampanı, kürüsü, yaxşı konfetləri olurdu. Teatrın axrıncı mərtəbəsində kabineti var idi. Həmişə qonaqlı-qaralı olurdu. Arkadi Raykin, Vitali Vulf onun qonaqları olublar. Niyazi, Bülbül, hamısı bir ailə kimi idilər...

Həyatının son illəri 90-cı illərə təsadüf edən Qəmər xanım, baletin durğunluğuna şahid olur və bu onu daha da məyus edir. Davamlı olaraq Opera və Balet Teatrına gedib-gələn Qəmər xanım, incəsənət yoldaşlarıyla olan əlaqəni itirmək istəmirdi. Son iki ili heç nə etməyən balerinamız, öz qayğısına qalır, istirahət edirdi. Günün çox hissəsini evdə olur, ac itləri, pişikləri yemləyirdi...

Mərhəmətli qəlbi ilə də tanınan Qəmər xanım, haradasa kimsəsiz, ac uşaq görərdisə, mütləq onları evinə gətirib yedizdirərdi, qayğılarına qalardı. Ancaq təəssüf ki, bu cür xeyirxahlıqlar həmişə yaxşı nəticələnmir. Xeyirxahlıq göstərdiyi uşaqlar bir dəfə onun evini qarət etmişdilər. Bu da ona maddi zərərdən əlavə, həm fiziki, həm də mənəvi baxımdan pis təsir göstərmişdi. Bu hadisədən sonra Qəmər xanımın qardaşı onu yalnız qoymamaq üçün digər ailə üzvləri ilə birlikdə onun yanına köçüblər.

Qəmər Almaszadə 7 aprel 2006-cı ildə 91 yaşında dünyasını dəyişib.

Azərbaycan baletinə bu cür tarix yazdırmış və şərqin ilk qadın balerinası kimi dünya tarixinə imzasını atmış Qəmər Almaszadəni hüzn və hörmətlə anırıq...

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.