“Tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam...” Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

AzərbaycanınXalqartistiFuadPoladovonunbarəsində belə deyib:“Ətayə xanımoaktrisalardandırki, onunhaqqındatəkcə sənətkarkimidanışmaqdüzgünolmazdı. O, həm də çox mehriban bir insan idi. Qastrol səfərlərində olanda mən bu qadında özümə qarşı bir doğmalıq hiss edirdim. Yalnız bir həmkar kimi yox, bir ana kimi. Onun gözlərində elə bir məhəbbət, elə bir ünsiyyət, elə bir istilik var idi ki, bu, yaratdığı obrazlara da keçirdi. Belə bir xanım, belə bir gözəl insan nə vaxtsa Azərbaycan teatrına gələcəksə, o teatr özünü xoşbəxt saya bilər”

 

Ətayə Əliyeva 1920-ci il mayın 2-də Türkmənistanın paytaxtı Aşqabadın Poltoratsk qəsəbəsində anadan olub. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib.

1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedib və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyib. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları ifa edib

1948–1949-cu illərin teatr mövsümündə Gəncə Dram Teatrına dəvət edilib. Ətayə xanımın səhnə fəaliyyəti Cəfər Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub. 1956-cı ildə Ətayə Əliyeva yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdıb.

 Burada klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında çıxış edib. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdə oynadığı rollardır. Ətayə Əliyeva radio və televiziya verilişlərində və kinodada bir çox rolları ifa edib.

 C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bizim küçə" filmində "Bəyim xala", "Dağlarda döyüş" filmində "ana", "Telefonçu qız" filmində "Simuzər", "Uşaqlığın son gecəsi" filmində "Mənsurə" rollarında çıxış edib. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı "Onu bağışlamaq olarmı?" filmində aktrisa iki rolda "leytenant Qarayeva" və "Sara xala" rollarında çıxış edib.

 

Filmoqrafiya

1. Alma almaya bənzər

2. Qaraca qız

3. Qanun naminə

4. Telefonçu qız

5. Körpə

6. İnsan məskən salır

7. Gün keçdi

8. General

9. Əsl dost

10. Analar

11. Arşın mal alan

12. Bizim küçə

13. Dağlarda döyüş

14. Topal Teymur

15. Sürpriz

 

Ətayə xanımın xatirələrindən: “Günlərin bir günü Həsən Seyidbəyli mənə dedi: “Oyunun çox xoşuma gəldi. Səni “Telefonçu qız” filminə çəkəcəyəm. Qoy bu da mənim sənə hədiyyəm olsun”. Sonralar “Uşaqlığın son gecəsi”, “Dağlarda döyüş” filmlərində də çəkildim. Mən özümü kino aktrisası saymıram, amma tamaşaçının yadında qalmışamsa, demək nəsə bacarmışam”.

Aktrisa 1995-ci il aprelin 6-da Bakıda dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn edilib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.