157 filmə çəkilmiş Xalq artisti - Muxtar Maniyev Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.

 

Muxrat Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyub. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləyiblər

Deyiblər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib. "İnsan məskən salır" filmində (rej. A. Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hadisələr Neft Daşlarında cərəyan edir.

Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olub. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanıb ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və Muxtar Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.

Bir aktyor kimi M. Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır.

Onun 60–70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir. Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb.

Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir. Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərib. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm…bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin.

Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini görüb. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını ifa edə bilib.

Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilib. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var

 

Filmoqrafiya

- Koroğlu (film, 1960)

- Qanlı zəmi (film, 1985)

- Qanun naminə (film, 1968)

- Köhnə bərə (film, 1984)

- Qara "Volqa" (film, 1994)

- Qərib cinlər diyarında (film, 1977)

- Qara gölün cəngavərləri (film, 1984)

- Qatır Məmməd (film, 1974)

- Qəzəlxan (film, 1991)

- Qızıl uçurum (film, 1980)

- Qorxma, mən səninləyəm

- Lətifə (film, 1989)

- Nə gözəldir bu dünya... (film, 1999)

- Nəsimi (film, 1973)

- Nizami (film, 1982)

- O qızı tapın (film, 1970)

- Od içində (film, 1978)

- Bizim Cəbiş müəllim (film, 1969)

- Bomba (film, 2005)

- Ömrün ilk saatı (film, 1973)

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar artisti

2. Azərbaycan Respublikasının Xalq artisti

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Aktyorun ailə həyatına gəlincə, həyat yoldaşı Nəsibə ilə kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə isə burada aktyorluqdan təhsil alırmış. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman Nəsibəni görüb bəyənir və onlar ailə qururlar.

Ailə qurandan sonra siqareti və içkini tərgidib. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Mütaliə etməyi çox sevib. Moskvada çıxan bütün qəzet və jurnallara abunə olub.

Evlilikdən onların üç oğlu olub. Aktyor oğlanlarına qarşı çox diqqətli idi. Həftədə bir dəfə o, ailəsini Fəvvarələr meydanındakı "Nərgiz" kafesinə apararaq deyirmiş ki, uşaqlar çəngəl-bıçaqla rəftar etməyi öyrənsinlər, süfrə mədəniyyətinə bələd olsunlar.

Sənətini çox sevib, rolun böyük-kiçikliyinə baxmayıb. Amma xasiyyətcə ötkəm adam olub. Bəzən belə olub ki, onu filmə təsdiq ediblər, amma səhəri gün çəkmək istəməyiblər. Və ya baş rola təsdiq edib, ikinci dərəcəli rola çəkiblər.

Aktyor özü haqqında bunları söyləyib: “Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm”.

Deyilənə görə çox kinsiz və kövrək adam olub. Yanında bir adam ağlayanda onun da gözləri dolurmuş.

Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilib, tədbirlərdə iştirak edib, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa bir saat belə çəkiliş meydançasından aralı dayanmaz. Çünki insandan yalnız onun əməlləri yadigar qalır. Böyük sənətkar Muxtar Maniyev uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib.

 Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.Vəziyyəti stabil olan aktyorun səhhəti 22 dekabrda yenidən pisləşib, səhər saatlarında vəfat edib.

Xanımı Nəsibə Maniyeva deyir: "Dünyasını da dekabrın 22-də dəyişdi. Oğlumuz Turalın toy günü dekabrın 22-də olub. 2015-ci il dekabrın 22-də Turalın toyunu etdik. Muxtarın vəziyyəti yaxşı deyildi. Allaha yalvarırdım ki, ona bir şey olmasın. Oğlunun toyunu görsün. Şükür ki, Allah möhlət verdi. Bir ildən sonra oğlunun toyunun birinci ildönümündə Muxtar vəfat elədi. Qismətə baxın ki, Muxtarın doğum günündə nəvəmiz dünyaya gəldi".

Sağlığında etdiyi vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb. Bakının Yasamal rayonu Sovetski ərazisində bir neçə məhəlləyə Muxtar Maniyevin adı verilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.