ONU DAŞQIN APARDI...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Həsən (Həsənağa) Turabovun adı çəkiləndə istər-istəməz gözlər önünə Gəray bəy obrazı gəlir. Sovet təbirincə mənfi sayılan, qolçomaq kimi xalq düşməni hesab edilən bu obrazı əksinə, əsl kişilik, qeyrət mücəssiməsi kimi xalq sevdi. İndi isə zəmanə dəyişib, indi sovetlər mənfi, bəylər müsbət sayılırlar. Gəray bəyin aktuallığı bir qədər də artıbdır.
Həsən Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olub. O, 31 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurub. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb, ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub.
Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir. Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki "Gəray bəy" obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur.
Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. "Qanlı zəmi" filminin isə rejissoru şəxsən məhz sırf özü olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olub.
Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Filmoqrafiya
1. Qara daşlar (film, 1956)
2. Əmək və qızılgül (film, 1962)
3. Telefonçu qız (film, 1962)
4. Əhməd haradadır? (film, 1963)
5. Möcüzələr adası (film, 1963)
6. Romeo mənim qonşumdur (film, 1963)
7. Cazibə qüvvəsi (film, 1964)
8. Ulduz (film, 1964)
9. Zirvə (film, 1964)
10. Arşın mal alan (film, 1965)
11. Yeddi oğul istərəm (film, 1970)
12. Mən mahnı qoşuram (film, 1979)
13. İnsan məskən salır (film, 1967)
14. Bizim Cəbiş müəllim (film, 1969)
15. Dəli Kür (film, 1969)
16. Sevil (film, 1970)
17. Axırıncı aşırım (film, 1971)
Aktyorun şəxsi həyatını da, yaradıcılığını da bir hadisə məhv edib, elə onu ölümə də həmin hadisə aparıb çıxarıbdır.
Məktəb illərində Həsən Solmaz adlı qızı sevirmiş, sonralar bu sevgi daha da güclənib. Lakin, Həsənin həm aktyor, həm də bakılı olması bu sevdaya mane olub. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Həsən əsla xoşuna gəlmirmiş. Uzun çək-çevirdən sonra onlar hər halda nişanlanıblar. Lakin sonradan ailəsi Solmazı başqa adama ərə vermək istəyib. Solmazsa heç kimə heç nə demədən Həsənə qoşulub nikah idarəsinə gedib. Onlar özlərinə yüngülvari toy da ediblər. Xoşbəxt ailə qurublar, Daşqın, Yalçın və Sevin adlı övladları dünyaya gəlib…
Aktyor ilki olan oğlu Daşqını hədsiz sevirmiş, oğlu polis olmaq istəyəndə bunun ziddinə getsə belə oğlu onunla razılaşmayıb. 1997-ci ildə Siyəzəndə xidmət edən Daşqın 8 mart günü ailəsinin yanına gəlibmiş, bacısı ilə görüşəndə ona deyibmiş ki, istəyirəm, rayona getməyim, bir neçə gün Bakıda qalım. Amma sonra fikrini dəyişir və gedir. Martın 10-da əməliyyat zamanı cinayətkarın açdığı atəşdən vəfat edir.
Daşqın vurulanda Həsən Turabova xəbər çatanda o inanmayıb. “Necə yəni, Daşqını vurublar, axı onunla təzəcə danışmışam”, söyləyib.
Qızı Sevinc xanım müsahibələrinin birində bu barədə belə deyir:
-Bizə Siyəzəndən zəng vuranda dedilər, yaralıdı, həkim gətirin. Atam burdakı dostlarına xəbər verib qapıdan çıxmaq istəyəndə zəng gəldi ki, Daşqın artıq keçinib. Atam oğlundan sonra yaşamaq istəmirdi. Dərmanlarını da atmırdı. Yalandan deyirdi ki, özümü yaxşı hiss edirəm. O, nə yaşadısa, bizim sayəmizdə məcburən yaşadı. Evdə də qardaşımın şəklini divara vurmuşdu. Bəzən işdən gələndən sonra saatlarla əyləşib onun şəklinə baxırdı. Ürəyinə görə atamın ayaq damarlarında əməliyyat aparmışdılar. Bir gün ayaqlarını açıb mənə göstərdi, dedi, Sevinc bax, ayaqlarım yavaş-yavaş sağalır. Səhəri gün anamla televizora baxdı, xeyli dincəldi. Sonra gəldi otağa, məndən soruşdu ki, Daşqın hanı? Bunu deyəndən sonra ürəyi tutdu, elə ayaq üstəcə divara söykəli keçindi. Eyni ilə “Yeddi oğul istərəm” filmindəki Gəray bəy kimi keçindi. Biz bilmədik, o, oğlu Daşqını çağırırdı, yoxsa nəvəsini.
Oğlunun ölümünə qədər səhhətindən şikayətçi olmayan aktyor sonradan ciddi xəstəliklərlə üz-üzə qalıb. Ürəyi zəifləyib, şəkər xəstəliyindən əziyyət çəkib. O, teatrdakı bütün rollarından imtina etmişdi. Hər gün ailəsindən xəbərsiz gizlin-gizlin Daşqınının qəbrini ziyarət edirdi. Dünyasını dəyişməzdən əvvəl ailə üzvlərinə və dostlarına vəsiyyət edirdi: Mənə nəsə olsa, oğlum Daşqının sol tərəfində dəfn edin.
Ömrünün son günlərində teatrşünas İlham Rəhimli ilə söhbət edərkən ona deyib: “İlham, inan mənə, sənin canın üçün, hər şeydən usanmışam, oğlum Daşqının yanına getmək istəyirəm...”
Ən böyük arzusu Qacar rolunu ifa etmək olub. Bu rol üçün də hazırlaşırmış. Ancaq ard-arda baş verən hadisələr onu sənətdən soyudub. Qacarı ifa etməkdən imtina edib. Özünün ən çox sevdiyi obraz isə əlbəttə ki, Gəray bəy olub. Həmin filmin sonluğunda ssenariyə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Aktyor rejissora deyib ki, bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha yaxşı alınar.
Çəkiliş heyəti də onunla razılaşıb…
2003-cü ildə aktyor ürəyindən əməliyyat olub, lakin, vəziyyəti yaxşılaşmaqdan daha da pisləşib. O, 2003-cü ildə fevralın 23-də dünyasını dəyişib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Aktyor vəfat edəndə sənət dostları, rəsmi qurumlar onun harada dəfn olunması haqqında müzakirələr aparıblar. Fəxr Xiyaban təklifi səslənəndə aktyorun qardaşı Aydının cingiltili səsi hamını titrədib: “Daşqının yanında! Qurtardıq...”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24. 03.2026)


