"Arşın mal alan" Vankuver səhnəsində Featured

Kanadanın Vankuver şəhərində yerləşən “Terri Foks” teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş olunub. Operetta Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, “EventTop Cloud Services” şirkətinin dəstəyi, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının, “Turkuaz” Türk İncəsənət və Mədəniyyət Fondunun təşkilatçılığı ilə səhnələşdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, “Təbriz” Azərbaycan Musiqi və Rəqs Ansamblının üzvlərinin iştirakı ilə müasir üslubda quruluş verilən tamaşanın premyerasında Azərbaycan diasporunun və müxtəlif millətlərin nümayəndələri bir araya gəlib.

Tamaşada rolları İlyas Gəncəviniya (Əsgər), Kristina Rəhimova (Gülçöhrə), Rövşən Tağıyev (Süleyman), Nəsrin Əttari (Asya), Məmməd Peyğəmbəri (Soltan bəy), Nurqəmər Peyğəmbəri (Cahan xala), Leyla Kərəmzadə (Telli), Səid Şirazi (Vəli) və ansamblın digər üzvləri ifa ediblər. Rəngarəng milli geyimlərdə çıxış edən aktyorlar, rəqqaslar və musiqiçilər peşəkar ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar. Səhnə əsərini yüksək qiymətləndirən izləyicilər incəsənət ustalarının çıxışlarını gur alqışlarla qarşılayıblar.

Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı ölməz “Arşın mal alan” operettasının Vankuverdə səhnələşdirilməsi bir daha göstərdi ki, Azərbaycanın mədəni irsi coğrafi sərhədləri aşaraq beynəlxalq auditoriyalarda böyük maraq doğurur.

Tamaşa təşkilatçılara və ifaçılara ünvanlanan səmimi təşəkkür və minnətdarlıq ifadələri ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.