İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Uzaq Sibirə sürgün olunmağımın bircə xoşbəxtliyi vardı. Böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. Şeirlərini bizə oxuyandan sonra sobada yandırırdı. O, əvəzsiz şəxsiyyət, görkəmli mütəfəkkir mənim qollarım arasında gözlərini yumdu”.
Bunlar Ələkbər Seyfinin sürgün həyatı haqqında xatırələridir.
Azərbaycan SSR xalq artisti Ələkbər Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunan və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilib. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olub. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gələn Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulan Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında Bəhram rolunda çıxıb.
1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak edib, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış edib. "İttihad" və "İbrət" cəmiyyətlərinin birləşməsindən sonra yeni truppada idarə heyətinə Əlimirzə Nərimanov, İsmayıl Həqqi və Ələkbər Seyfi daxil ediliblər. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılıb.
Bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olub. Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləyib, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışıb, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilib və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılıb.
1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilib. Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlayıb, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olub. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra edib. 1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirib.
1938-ci ilin fevralınadək bu teatrın direktoru olub. Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilib, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıdıb. O, burada 1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərib. Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifi olub.
O, Rabindranat Taqorun "Fəlakət" romanı üzrə səhnələşdirilən "Qanq qızı", Lope de Veqanın "Kələkbaz sevgili", Gilyerme Fiqeyredonun "Tülkü və üzüm", Fridrix Şillerin "Qaçaqlar" və "Məkr və məhəbbət", Aleksandr Yujinin "Qızıl quş və qarğa", Vasili Şkvarkinin "Özgə uşağı", Arkadi Vasilyevin "Uzadılmış ezamiyyət", Hüseyn Muxtarovun "Şeytan nəsli", Viktor Rozovun "Sabahın xeyir", Bertolt Brextin "Üç qəpiklik opera", Georgi Mdivaninin "Konsulu oğurlayırlar" və başqa pyesləri Azərbaycan dilinə tərcümə edib və həmin əsərlər səhnəyə qoyulub.
Teatr fəaliyyəti ilə tanınan aktyor bir neçə ekran obrazları da ifa edib. O, "Azərbaycanfilm" kinostudiyasında "Səhər" (mürəttib), "Qanun naminə" (qoca kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki gözəl deyildim" (hesabdar) filmlərində çəkilib. 8 dekabr 1977-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat edib. Gəncənin Bağbanlar məhəlləsindəki fəxri xiyabanda dəfn olunub.
Ələkbər Seyfinin teatr fəaliyyəti ərzində ifa etdiyi əsas rollar:
Tiflis teatrında
- "Hacı Qəmbər", Nəcəf bəy Vəzirov — Əşrəf bəy
- "Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov — Mahmud bəy
- "Məşədi İbad", Üzeyir Hacıbəyov — Hambal
- "Qaçaq Kərəm", Vano Mçedaşvili — Feyzulla
- "Nadir şah", Nəriman Nərimanov — Rzaqulu xan
- "Dəmirçi Gavə", Şəmsəddin Sami — Bəhram
- "Topal Teymur", Hüseyn Cavid — Cücə
- "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Abuzər
- "Maral", Hüseyn Cavid — Cəmil bəy
- "Müfəttiş", Nikolay Qoqol — Pyotr İvanoviç
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Kərəməli
- "Sevil", Cəfər Cabbarlı — Əbdüləli bəy
Gəncə teatrında
1. "Hacı Qara", Mirzə Fətəli Axundov — Naçalnik
2. "Şeyx Sənan", Hüseyn Cavid — Şeyx Kəbir
3. "Səyavuş", Hüseyn Cavid — Piran
4. "Ölülər", Cəlil Məmmədquluzadə — Şeyx Əhməd
5. "Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev — Mirzə Qoşunəli
6. "Almaz", Cəfər Cabbarlı — Ocaqqulu
7. "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Sadıq xan
8. "Həmyerlilər", Altay Məmmədov — Dəllək Yaqub
9. "Qaçaq Nəbi", Süleyman Rüstəm — Alı kişi
10. "Mirzə Fətəli", Şəfaət Mehdiyev — Həsən bəy Zərdabi
11. "Kələkbaz sevgili", Lope de Veqa — Kapitan Bernardo
Sürgündən gələn kimi, Hüseyn Cavidin Sibirdəki məzarının koordinatlarını Dövlət Təhlükəsizliyi İdarəsinə məhz Ələkbər Seyfi təqdim edib. Deməli, İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində torpağa tapşırılan Hüseyn Cavidin cənazəsinin qalıqlarının 1982-ci ildə Azərbaycana gətirilməsində Ələkbər Seyfinin də əvəzsiz xidməti olub
Teatrşünas Anar Ərtoğrul Burcəliyev maraqlı bir araşdırma aparıb. O yazər ki, Sibirdə kamera qonşusu olanların həyatında 59 və 19 rəqəmləri dəfələrlə təkrarlanıb. Dahi şair və dramatur Cvidin başının ölçüsü 59 olub və o, 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib. Bakıdakı 59 nömrəli evindən zorla ayrı salınan şair Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub və 59 ildən sonra ailəsi ilə görüşüb. Ələkbər Seyfi isə 19 mart 1901-ci ildə dünyaya gəlib, 19 il sürgün həyatı yaşayıb, sürgündən sonra qaldığı mənzilində də cəmi 19 il yaşaya bilib...
Onun arxiv materiallarının içərisində görkəmli teatr xadimləri ilə olan yazışmaları da var. Professor Əziz Şərif, Xalq artisti Aleksandr Tuqanov və digərlərinin məktubları diqqət çəkir. Bir məktubunda Əziz Şərif Ələkbər Seyfiyə yazırdı:
“Əzizim Seyfi, heç biləsən, kağızın məni nə qədər çox sevindirdi. Bəlkə daha çox ona görə ki, bu son iki ayın ərzində səni tez-tez xatırlayırdım. Bu vaxt mən Ə.Haqverdiyev haqqında müfəssəl xatirat yazır, onun mənə yazdığı məktublarını çapa hazırlayırdım. Bu ərəfədə gah Haqverdiyevin məktublarında, gah müxtəlif sənədlərdə, gah da öz gündəliyimdə hey sənin adına rast gəlirdim.
Səni könlüm çox istəyirdi. Axı o vaxtdan sağ qalan bizik, bir də Rza Təhmasib. Qalanları Allahın rəhmətinə gedib, bizim yolumuzu gözləyirlər. Biz də üzü yamanlıq edib getmək istəmirik. İnşaallah, hələ çox gözləməli olacaqlar. Seyfi can, özünü qıvraq saxla, məni də unutma”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.03.2026)


