Ona hamı Mixaylo deyirdi... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sən bir rol ifa elə, onunla o qədər məşhurlaş ki, adını rolunla çağırsınlar...

Növbəti söhbətim Nodar Şaşıqoğlu barədədir.

"Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu” - aktyor belə deyib.

 

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.

Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb. İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub.

 Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb. Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkib.

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A. S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc", Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb. 2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A. P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.

Onun ən məşhur işi isə əlbəttə ki, “Uzaq sahillərdə” filmində canlandırdığı Mixaylo obrazı olub.

 

Filmoqrafiya

 

- Onun böyük ürəyi

- Uzaq sahillərdə

- Əsl dost

- Matteo Falkone

- Səhər

- Bizim küçə

- Leyli və Məcnun

- Telefonçu qız

- De ki, məni sevirsən!

- Sevinc buxtası

- Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz…

 

Mükafatları

"Azərbaycan SSR əməkdar artisti" fəxri adı

"Azərbaycan SSR xalq artisti" fəxri adı

"Şöhrət" ordeni

 

Xalq artisti Nodar Şaşıqoğlu haqqında maraqlı faktlara nəzər yetirək:

Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütməyib. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş. Bununla belə atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağıla nənələrin bir fikri gəlir - qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər? Elə bir gün yox idi ki, atasına Nodarın oxuduğu məktəbdən, ya haradansa şikayət gəlməsin.

On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir. Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr-studiyası məktəbinə imtahan verir. Belə ehtiyatlı iş tutur ki, heç olmasa, birinə qəbul olunsun.

Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı yarı türk, yarı qafqazlı oğlan...

 

Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Nəticədə 12 fənndən iki alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir. Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın.

Amma bu vaxt ərzində evlənməyə də vaxt tapır. Qadın heyranlarının arsından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini də xanımına verib evdən də, işdən də çıxır.

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb. Kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona “Uzaq sahillərdə” filmindəki Mixaylo rolu üçün əsl tapıntı olduğunu deyib. Şirinikləndirici təklif idi, amma bunun üçün Nodar Şaşıqoğlu Moskva həyatı ilə vidalaşır.

Mixaylo rolu üçün isə onlarca namizəd var idi. Dövrünün tanınmış aktyoru Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Onda güclü komizm vardı. Mehdi Hüseynzadə rolu isə cidd simalı aktyor axtarırdı.

“Uzaq sahillərdə” filminin nümayişindən sonra adamlar Nodar Şaşıqoğlunu Mixaylonun özüymüş kimi əlləri üstdə aparırdılar. Əynindəki kostyumdan özlərində nə isə bir yadigar saxlamaq üçün hərə bir kəsim götürməkdən onu cırıq-cırıq etmişdilər. Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər.

Nodar Şaşıqoğlu "Uzaq sahillərdə” filmindən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim küçə”, "Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım.

Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən çox razı qalmışam” - deyə xatırlayırdı.

“Uzaq sahillərdə” filminin çəkilişləri zamanı Nodar Şaşıqoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşandığı iddia ediləndə o, belə açıqlama verib: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, Lensovet teatrında işləyirdi.

Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”.

 

Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə başlayan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə girib: "Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim", - deyir.

Bakıya qayıdandan sonra ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalır. Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi uşaq Nodar Şaşıqoğlu onların anasını qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını oğlanlarına verib. Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-də Bakıda vəfat edir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.