İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ondan başlayaq ki, Novruz Cəfərov dramaturq kimi 10-a yaxın komediya yazmışdır. Onlardan; “Keçəlin sərgüzəşti”, “Uşaq oğruları”, “Şəkili+Ayrım=Şoutamaşa”, “Gecə yarısından sonra elçilik”, “Buna da şükür”, “Kədərli zarafat”, “Tənbəlin yuxusu”, “Qəribə lisey”, “İki dəlisovun məhəbbəti” və s. göstərmək olar. Bu komediyalar, xüsusən də “Şəkili+Ayrım=Şoutamaşa” həqiqətən də tamaşaçını güldürür.
Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs alıb. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib.
Şəki DD teatrına təyinat alıb. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləyib. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır. Teatrlarda işlədiyi bu 40 ildə 150- dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynayıb.
Quruluşcu rejissor kimi 10- dan çox tamaşa hazırlayıb və dramaturq kimi bir çox komediyalar müəllifidir. Hal-hazırda Gəncə DD teatrında öz fəaliyyətini davam etdirir.
Bir komediyasına İzzət Əzizov tərəfindən “Müəmmalı yubiley” adlı bədii film çəkilib. 2017-ci ildə Ağdam Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb.
Novruz Cəfərov rejissor kimi; Şəki DD teatrında Aleksandr Gelmanın “Hamılıqla təklikdə”, Əli Səmədovun “Əhmədin vəfalı xoruzu”, Novruz Cəfərovun “Gecə yarıdan sonra elçilik”, “Uşaq oğruları”, “Qəribə lisey”, Robert Tomanın “Tələ”, Əli Əmirlinin “Onun iki qabırğası”, A.S. Puşginin “Qaraçılar”, Firuz Mustafa nın “Tıxac”, Tüncer Cücenoğlunun “Gözəlçələr” və s. tamaşalara quruluş verib
Gəncə Teatrında - Nizami Gəncəvinin “Xeyir və Şər” (Xeyr), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Qoşunəli), Hüseyin Cavidin “Afət” (Doktor Qaratay), Sabit Rəhmanın “Toy” (Kərəmov), Cəfər Cabbarlının “Oktay Eloğlu” (Xaspolar), Mir Cəlalın “Ərik ağacı” (Müəllim), İlyas Əfəndiyevin “Qəribə oğlan” (Əhmədcan), “ağıllılar və dəlilər” (Ağamusa), “Mahnı dağlarda qaldı” (Bayram bəy), Əli Əmirlinin “Varlı qadın” (Sarı), Elçinin “Qatil” (Polis), “Ölüm hökmü” (Ələsgər müəllim və Katib) və b. tamaşaların adını çəkmək olar.
Teatrda əsas rolları
- Komsomol poeması (Səməd Vurğun) — Bəxtiyar
- Aydın (Cəfər Cabbarlı) — Aydın
- İblis (Hüseyin Cavid) — Arif
- Knyaz (Hüseyin Cavid) — Anton
- Xoşbəxtlər (Sabit Rəhman) — Mirzə Qərənfil
- Toy (Sabit Rəhman) — Mirzə Hüseyn
- Aşnalar (Sabit Rəhman) — Mirzə Səməndərli
- Artıq adam (Bəxtiyar Vahabzadə) — Alxan
- Dar ağacı (Bəxtiyar Vahabzadə) — İbin Zeyd
- Təhminə və Zaur (Anar) — Zaur
Filmoqrafiya
- O dünyadan salam
- Yük
- Leyli və Məcnun
- Koroğlu
- Cavad xan
- Çölçü (rol: Xasay)
- Xəlvətdə qalmış müdrik (baş rol: Seyid Yəhya Bakuvi)
- Səndən sonra (rol: Faiq)
- Bir ovuc sonsuzluq
- Ramazan payı
“Ədəbiyyat və incəsənət”
(13.03.2026)


