Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, yaddaşlarda cəmi bir rolu ilə iz qoydu, milyonların sevimlisi oldu. Elə hamının gözünə də bu obrazda – qaynana obrazında göründü. Ölümündən 22 il keçir. Amma yenə də adı çəkiləndə dodaqlarda xəfif gülüş oyanır. Əbədi yaşamaq haqqı, razılaşın ki, hər sənətçinin qisməti ola bilməz.
Nəsibə Zeynalova 1916-cı ilin 20 aprel günündə dünyaya gəlib.
Onun doğulduğu dövr – Bakı şəhərinin neftlə nəfəs aldığı, mədəniyyətin isə yeni çiçəklənməyə başladığı bir dövr idi. Nəsibə xanım sənətə sanki ana bətnindən bələd idi. Atası Əbdülhüseyn Zeynalov – həm neft sahibkarı, həm də teatr xadimi olaraq bu sevginin ilk təməlini qoydu.
1932-ci ildə Teatr Texnikumunu bitirdikdən sonra Nəsibə Zeynalova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk dəfə peşəkar səhnəyə çıxdı. Səhnə onun üçün sadəcə bir sənət sahəsi deyil, nəfəs aldığı, var olduğu bir dünyaydı.
Nəsibə Zeynalova 130-dan çox tamaşada müxtəlif qadın talelərini, fərqli obrazları ustalıqla canlandıraraq tamaşaçı ilə emosional bir körpü qurdu. Onun oynadığı Gülbahar ("Ölülər"), Xədicə ("Almaz"), Telli ("Hacı Qara") kimi obrazlar artıq yalnız səhnə xatirəsi deyil – milli mədəniyyətin canlı səhifələrinə çevrilib. “Qaynana” barədə isə artıq qeydlərimi etmişəm.
Onun sənəti təkcə teatrla məhdudlaşmadı. Kino dünyasına da unudulmaz töhfələr verdi. 40-dan artıq filmə çəkilən Nəsibə xanım hər bir obrazında həyatın müxtəlif üzlərini tamaşaçıya təqdim etdi. “Əhməd haradadır?” filmindəki Şərəfxanım, “Ulduz”dakı Fatmanisə, “Bəyin oğurlanması”ndakı Nənə obrazı onun xalq arasında necə dərin rəğbət qazandığını göstərirdi.
1982-ci ildə ona verilən SSRİ Xalq artisti adı, təkcə rəsmi bir titul deyildi – bu, onun sənətə və xalqa bağlılığının rəmzi idi. Bu ada layiq görülməsi onun ömürlük zəhmətinə verilmiş mənəvi bir təltif idi.
2004-cü ilin mart ayında, 87 yaşında dünyadan köçdü.
Allah korifey sənətkarımıza qəni-qəni rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.03.2026)


