İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
-Bu gün Ad gününüzdür. Necə qeyd edəcəksiniz?
-Mən ad günlərimi təmtəraqlı qeyd etmək istəmirəm. Düzü qorxuram. Bunu ilk dəfədir deyirəm: 48 yaşımda özümü təzədən dünyaya gəlmiş kimi hiss etdim. Ondan sonra itkim oldu-qardaşım dünyadan getdi. Ondan sonra belə təmtəraqdan qorxuram. Eləcə öz adıma bir qazan xörək bişirəcəm, vəssalam.
Xalq artisti Səidə Quliyeva illər öncə müsahibələrindən birində ad gününün necə keşirəcəyi barədə sualal belə cavab vermişdi. Bu gün onun növbəti ad günüdür – 69-u tamam olur. Və biz artıq bilirik, o ad gününün necə keçirəcək.
Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olub. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb.
S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım kimi müxtəlif janrlı obrazlar qalereyası yaradıb.
Səidə Quliyeva respublikanın Əməkdar Artisti, Xalq artisti fəxri adına, 5 dəfə Prezident Mükafatına layiq görülüb. 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Filmoqrafiya
- Afaqın məhəbbəti
- Bəyaz həyat
- Bizi bağışlayın
- Azarkeş
- Cəza
- Dəvətnamə
- Fədakar
- Atayevlər ailəsi
- Haray
Xalq Artisti, aktrisa Səidə Quliyeva müsahibələrində həm də çəkiliş maraqlarına, sənət prioritetlərinə toxunub.
-Hazırda filmə çəkilirsiniz?
-Düzü heç dəvət də almamışam. Eyhamlar olub. Yəqin bu günlərdə təklif alaram. Mən də baxacam, seçəcəm.
-Nəyə görə seçirsiniz, bir şərtiniz olurmu?
-Əlbəttə. İlk növbədə tərəf müqabili və qonorar məni qane etməlidi.
-Teatrda nə oynayırsınız hazırda?
- Akademik Milli Dram Teatrının “Qatil”, “Xanuma”, “Anamın kitabı” kimi tamaşalarında oynayıram.
-Qəhrəmanlarınızın ifadələri dillərə düşüb. Məsələn, “Fransız” filmindəki qəhrəmanınızın dediyi “Neynəsün daaay” ifadəsi kimi. Obrazlarınıza maraqlı, yaddaqalan reaksiyalar olubmu?
-Olur, əlbəttə. Çox sevinirəm ki, mənim oynadığım obrazlardan sitatlar gətirirlər. Yəni, iş uğurlu alınıb, tamaşaçının yaddaşındayam və gündəmdəyəm. Qaldı sualınıza, “Bala, başa bəla” teletamaşası gedirdi. Küçədə getdiyim yerdə hiss elədim ki, arxadan gələn adam sözümü təqlid edir: “Niyə? Nöşün?” döndüm gördüm ki, balaca uşaqdı. Amma məni elə güclü təqlid edir... yaxınlaşdılar, tanış oldum o uşaqla. Bəzən də tamaşaçılarla görüşəndə xatırladırlar sözlərimi...
-Rejissorlarda narazı olduğunuz məqamlar varmı?
-Yox, niyə narazı olum ki? Ramiz Həsənoğlunun adını sənət səhifəmə qızıl hərflərlə yazmışam. Məhərrəm Bədirzadə, Bəhram Osmanov, Mərahim Fərzəlibəyov, Mehriban Ələkbərzadə, Ələkbər Kazımovski, Oruc İzzətoğlu, Firudin Məhərrəmli ilə işləmişəm.
Gənc və zövqlü rejissor var Mikayıl Mikayılov... Bu insanlarla mütəmadi işləmişəm və onların adını mütləq çəkməliyəm. Mən çox böyük məktəb görmüşəm. Adil İsgəndərovun tələbəsi olmuşam. Əvvəllər Mehdi Məmmədovla işləmişəm. Tərəf müqabillərim gözəl aktyorlar olub.
Onlardan öyrənə-öyrənə bu səviyyəyə gəlib çatmışam. Gənclərdən də çox şey öyrənirəm. Burada ayıb bir şey yoxdur. Məsələn, mən texnikada –kompüter, telefon kimi cihazlarda-çox zəifəm. Amma maşın sürürəm. Vaxtım olsa onları da öyrənəcəm…
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


