Azərbaycan xalq artisti Sofiya Bəsirzadənin doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.

Bu gün bu xanımın doğum günü, anadan olmasının 108-ci ildönümüdür.

 

 Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da.

 Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, çevik plastikası heyranlıq doğurub.

Sofiya Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib.

 Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.

 Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və "Solğuri çiçəklər", Cəfər Cabbarlı) və s. rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər. Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb.

 

Tamaşaları:

1. 777 №-li iş

2. Anlamaq istəyirəm

3. Avqust gələndə

4. Aygün

5. Bəxtiyar

6. Bizim Cəbiş müəllim

7. Bizim küçənin oğlanları

8. Dədə Qorqud

9. Dəli Kür

10. Dörd bazar günü

11. Evin kişisi

12. Əhməd haradadır?

13. Görüş

14. Göz həkimi

15. Gümüşgöl əfsanəsi

16. Günahsız Abdulla

17. Xüsusi vəziyyət

18. İstintaq davam edir

 

Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyib:

 “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir.

Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram.”

Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

 

Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməməsi üçün deyib-gülüb zarafat edir, “Bir gün gələn bir gün getməlidir” deyir. Duyubmuş öləcəyini. Və cəmi 4 gündən sonra Xalq artisti vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.