“Ədəbiyyat və incəsənət”də Rafiq Əzimovun Həsən Məmmədov barədə xatirələri
Həsən Məmmədov tələbəlik illərində Poluxin küçəsində kirayə ev tutub, tək yaşayırdı. O evdə çox olmuşam. Hərdənbir Salyandan anası gələrdi. Sonrakı illərdəsə böyük qardaşı evləndi, o da ailəsi ilə birgə bir müddət Həsənlə yaşadı.
Həsən Məmmədov təbiəti etibarilə çox qaynayıb-qarışan deyildi. Sadəlövh insandı.
Tələbə yoldaşlarımızdan Tofiq İsmayılovun doğum günü idi. Biz də, 9-10 nəfər dost, daha mehriban idik, mütləq Tofiqgilə gedib onu təbrik etməli idik.
Danışdığımız vaxtda Tofiqgilə gəldik. Tələbə idik də, hərəmiz yüngülvari bir hədiyyə almışdıq.
Ailəsi, qohumları bizimçün də yer saxlamışdı, hamımız əyləşdik, bircə Həsən yox idi, vaxt keçirdi, amma Həsən gəlib çıxmırdı. Düşünürdük ki, yekə kişidi, görən niyə belə etdi?
Artıq süfrə açılıb, hamı yeyib-içir, sağlıqlar deyilir. Elə bu dəmdə qapı döyüldü. Həsən gəldi, əlində də qəzetə bükülü nəsə var. İndi hamımız düşmüşük bunun üstünə ki, “Hardasan? Yekə kişisən, danışmışıq axı!”
“Nə edim, hədiyyə üçün hər yeri axtardım, tapa bilmədim, evdə bir şüşə vardı, onu götürüb gəldim”,- deyən Həsən, əlindəki qəzeti açdı, gördük, bir ədəd iri billur güldandı.
O vaxt billur qab tapmaq hər adamın işi deyildi. Xaricdən gətirib od qiymətinə satırdılar. Sən demə, bu, Həsənin qardaşı arvadının cehizidir, onu vurub qoltuğuna gəlib…
Tofiqgilin bir köhnə pianoları vardı. Güldanı onun üstünə qoyublar. Biz heç nə yemirik, Həsən də oturub. Elə bil, belə də lazımdır. Hamımızın gözü güldandadır. Tofiq İsmayılov, onun atası, anası - hamısı güldana baxır.
Yedik, içdik, təbrik etdik, sağollaşdıq. Çölə çıxanda soruşdum:
- Həsən, o nə hədiyyə idi elə?
- Necə bəyəm, pisdir?
- Yox ee, tələbə adamsan.
- Nə bilim, heç nə tapmadım.
Səhər instituta gəldik. Həsən mənimlə lap məhrəmdi deyə, yavaşca dedi ki, “evdə qırğındır”. Soruşdum: “Nə olub?” Dedi: “Güldana görə”.
Həsən o güldanı adi bir şey bilibmiş. Evə qayıdanda qardaşı Həsəndən güldanı xəbər alıb, soruşub ki, bəlkə sınıb? Həsən də deyib: “Dostumun doğum günü idi, ona apardım”. Qardaşı hirslənib: “Dəli olmusan, necə yəni, dostumun doğum günü idi?! O güldan cehizdir, heç bilirsən necə qiymətlidir?!”
Bunun abırını büküblər ətəyinə, dərsə pərt gəlib. Amma hədiyyəni qaytarmazlar axı, elə şey olar?!
Dedim: “Ay Həsən, necə gedib deyək, Tofiq, sənə hədiyyə gətirdiyimiz güldanı geri qaytar?”
Həsənsə məyus halda: Bəs indi mən nə edim?”,- deyə soruşdu.
Nə yaxşı ki, Tofiq də məsələdən xəbər tutdu. Güldanı gətirib Həsənə verdi ki, “apar qoy yerinə, ayıbdı.
Mən həmişə deyirəm ki, Həsən Məmmədovun bu teatra sadəcə gəlib getməsi bəs edirdi, tamaşaçı görürdü ki, Həsən Məmmədov teatra gəlir. Yəni, Həsəndə o sanbal vardı, onun teatr və kino aləmində xidmətləri danılmazdır.
Ümumiyyətlə, Həsənin sənət aləmində xidmətləri çox böyükdür, dərya idi o...
Bir dəfə məşqdən çıxırdıq. Onunla birgə pillələrlə aşağı enəndə üzünə baxdım, gördüm pörtüb. Oturub maşınının sürdü.
Dedim:
- Həsən, birdən təzyiqin qalxmış olar ha, sifətin nəsə xoşuma gəlmir.
Təəccüblə soruşdu:
- O nədir elə?
- Qan təzyiqi. Səndə aşağı-yuxarı necədir?
- Mən bilmirəm o şeyləri.
Bir dostumuz polislərin poliklinikasında işləyirdi. Həsəni ora apardım. Qan təzyiqini ölçdülər: 240. Tibb bacısı təzyiqini ölçəndə Həsənin ürəyi getdi. Dava-dərmanla 140-a saldılar. Dedim: “Ay Həsən, sən dəlisən? Bu boyda təzyiqlə maşın sürürsən! Cavabında: “Mən heç vaxt dərman atmıram”,-söylədi.
Bu hadisədən iki ay sonra yenə eyni vəziyyətə düşdü. Bu dəfə onu yazıçıların poliklinikasına apardım. Təzyiqini ölçdülər, məlum oldu ki, 220-yə qalxıb.
Pis-yaxşı pul qazanırdı, amma bir dəfə görmədim ki, gedib istirahət etsin. Deyirdi: “Mənim vaxtım var? Mən çəkilirəm”.
Kənardan baxan elə bilir, kefdəyik. Elə deyil. Mən də Həsən kimi dərmanlarımı atmırdım. Həkim mənə dedi, yaşın elədir ki, hökmən səhər-axşam dərman qəbul etməlisən. Sonra bir dəfə xəstələndim, dedi: “Əgər yazdığım dərmanları qəbul etsəydin, bu hala düşməzdin”. Ondan sonra atıram. Həsən də vaxtlı-vaxtında dərmanlarını qəbul etsəydi, özünə baxsaydı, daha çox yaşayardı.
Uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdur. Bizimçün bu çox ağırdır.
“Ədəbiyyat və incəsənət”
(25.02.2026)


