Aytən Ağasıyeva, “Ədəbiyyat və incəsənət” üçün
“Hayatımın en mutlu anıymış bilmiyordum”… Bəzən oxuduğumuz kitablar, izlədiyimiz filmlər tanış sonluqla bitə bilir.
Təhminə və Zauru izləməyən yoxdu, ya da Orxan Pamukun “Masumiyet Muzesi” kitabını göz yaşları ilə bitirməyən.
Sayılı günlər öncə “Masumiyet Muzesi” nin filmi çəkildi. Əlbəttə ki izləməliydim.
Əsəri doya-doya oxuduğum iki il öncəki yay tətilini xatırlayıram. Oxuyarkən xəyalımda çəkdiyim səhnələrin hər biri filmi izlədikcə öz yerini tuturdu.
Orxan Pamuk əsəri yazmaqla düşüncələrimizdə yaratdığı fasiləni filmdə Füsun və Kamalı oynayan aktyorların simasında tamamlayırdı sanki. Ruha tanış olmayan heç nə onda yer edə bilməz. Əsərdəki obrazlar bəlkə də çoxumuza tanış idi.
Bəzən sevdiyimiz insanı dəyişdirməyə çalışan Sibəl oluruq, bəzən anı yaşayaraq onları sonsuz xatirəyə çevirən, itirməkdən qorxduğu birinə bağlanan, ama onunla həyatını davam etdirə bilməyən Kamal oluruq, bəzən də tutqunu, arzunu sevgi kimi tanıyan, dəyər kimi görən Füsun.
Gələk Zaura.
Zaur sevgisini yaxınlarına qurban verəcək, Təhminənin öldüyünü başqasından eşidəcək qədər ona uzaq idi.
Öz səssizliyində Təhminəni ona xatırladan sadəcə bu sözlər qalmışdı…
Mədinə:
-Sənin getməyin ona böyük zərbə oldu.
Zaur:
-Bilirəm.
Mədinə:
-Tez-tez səni xatırlayırdı. Ölən günəcən. Deyirdi, "Zaur satmaz məni onlara..."
Zaur susqunluğu ilə görünməz olurdu, onun susqunluğu Təhminənin son ümidini də əlindən almışdı.
Kamal isə “anı yaşayaraq” ruhu ilə zamanı durdurmağa çalışırdı. Yanında olarkən Füsunu “əşyalaşdıran” Kamal, ondan ayrı qalanda Füsunun əşyalarına sarılaraq yatırdı.
“Hayatımın en mutlu anıymış, bilmiyordum” - Bu hiss Zaur və Kamalın peşmançılığının səsidir.
“Özgə Ömür” filmini izləyənlər Fariz Rzayevin həyatının sonuna doğru bir qadınla oğrun-oğrun yaşadığını, taleyinə sadəcə bu baxımdan minnətdar olduğunu görürlər.
Filmin sonunda Fariz Əmiroviç Rzayevin ürək tutması başlayır, cansız bədənini qadının evində heç kim görməsin deyə ordan ayrılıb, addımlarını ölümə doğru sürükləyir. Həyatının son dəqiqələrində belə o qadını qoruyur.
Bəlkə də həyatı boyu əleyhinə olduğu şeyi özü etmişdi deyə öləndən sonra başqa bir qadınla yaşayan Fariz kimi xatırlanmaq istəmirdi. Ölüm astanasındaykən bu düşüncələr son nəfəsi ilə yaşadığı qadın arasında divar yaratmışdı.
Sizə də heç bu sayaq kəlmələri deyiblərmi? “Həmişə ruhundayam, yanındayam, qəlbindəyəm”
Bəlkə də həyatındakı boşluğu doldurmağa çalışan birinin sözləridir bunlar. Ən azından, kimin üçünsə “məna” ola bilirsə, onda özünün həyatı da mənalaşmağa, incikliyi sönməyə başlayır.
Biz sevməyimi sevirik, yoxsa sevməyin bizə hiss etdirdiyini?
Görəsən, hansı daha çox sevmişdi?
Zaur?
Kamal?
Yoxsa Fariz?
Bəzən oxuduğumuz kitablar, izlədiyimiz filmlər tanış sonluqla bitə bilir.
Sonu - ya yaxınlarının, yadlarının gözündə formalaşan “insan”ın intiharını görməmək üçün özünü qurban verib, xoşbəxtliyini itirdikdən sonra peşmançılığını yaşamaqla bitir..
..ya da bir gün.. verib də tutulmayan sözlərin, güvənini qazanıb da əlini buraxan əllərin eyni biri olduğuna dözə bilməyən ruhun səssiz fəryadı cansız bədəniylə birləşir.
Yazmağa başyalanda fikirləşirdim ki, yazını bu cümlələrlə başlayım: “Ürəyində bir yığın xatirənin harayı, hər yeri ağlayarmış, gözlərindən savayı”..
Amma sona saxladım.
Bəlkə də hər son - xatirələrlə dolu bir hədiyyədir bizə. O hədiyyə ki, fon musiqisi acı, sözləri isə göz yaşları olan kitabdır, filmdir, ya da…
Ya da elə həyatın özüdür…
Şəkildə: “Məsumiyyət muzeyi” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(23.02.2026)


