İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, mədəniyyət tariximizdə səhnəmizin ilk Məcnunu kimi qalıb. Əlbəttə ki, tarix yazmaq gözəldir. Bu gün onun anım günüdür. 81 ildir ki, dünyadan köçübdür. Amma bu 81 ildə adı daim çəkilibdir, teatrımız durduqca onun da adının çəkilməsi labüddür.
Hüseynqulu Rzayev (Sarabski) 20 mart 1879-cu ildə Bakıdakı İçərişəhərin Yeddilər məhəlləsində dünyaya gəlib. Onun atası Məlik gəmi kapitanı olub, babası Hacı Rza da eyni peşəni icra edirdi. 1881-ci ildə atası Türküstanda dəmir yol çəkilişi zamanı oraya yük apararkən gəmisi bütün heyəti və yükü ilə birlikdə sulara qərq olub. Anasının ikinci dəfə ərə getməsindən sonra Hüseynqulunun çətin günləri başlayıb.
Hüseynqulu Sarabskinin tərbiyəsində əsas rol anası Cəvahir xanım oynayıb. O, oğluna ilk təhsili verməyə çalışıb. İlk olaraq İçərişəhərdəki Şah məscidinin yanında, 9 saylı evdə yaşayan Anaqızdan ibtidai dini təhsil alıb, sonrasında isə Məsməxanımın yanında bu işi davam etdirib. Ancaq mollalıq peşəsinə meyli olmadığı üçün Hüseynqulu çərəkəni tamamlamayıb.
Hüseynqulu gözəl səsi və avazı ilə məhərrəmlik təziyələrində mərsiyələr oxuyub, şəbih tamaşalarında iştirak edib. 1897-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin açdığı kursda rus dilini öyrənib, ertəsi il Həbib bəy Mahmudbəyovun məktəbinin ikinci sinfinə qəbul olunub. Eyni zamanda, daş anbarlarına marka vuran işlərini görərək ayda 15 manat əmək haqqı alıb.
Bir müddət "Paşa Dadaşov" gəmisində matros kimi çalışıb, daha sonra Ağ şəhərdə elektrik stansiyasında mühəndis köməkçisi olaraq fəaliyyətini davam etdirib. Teatra isə həvəskar aktyorlar Murad Muradov və Mehdi bəy Cabbarlinski vasitəsilə cəlb olunub.
İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayıb. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi.
Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə — musiqili-teatra, operaya gətirib. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb edib.
Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola — Məcnun roluna dəvət edib. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirib. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar".
Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolu oynayıb, Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoyub. Əziz Şərif Sarabskinin Məcnunu haqda bunları yazır:
"Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır… Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır.
İnsan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı".
Rolları:
Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun. Bu rolu ilk dəfə 12 yanvar 1908-ci ildə, Tağıyev teatrının binasında, Hüseyn Ərəblinskinin quruluşunda oynayıb),
"Rüstəm və Söhrab" (Rüstəm),
"Şah Abbas və Xurşid banu" (Şah Abbas),
Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Aşıq Qəpib),
"Evliykən subay" (Orduxan bəy),
Mətni Hacıbaba Şərifovun və musiqi tərtibatı David Slavinskinin "Mehr və Mah" (Mehr) opera və operettalarının ən müxtəlif quruluşlarında əsas partiyaları ifa edib.
Kitabları
Bir aktyorun xatirələri
Köhnə Bakı
Qərənfilsən, butasan
Pyesləri
Cəhalət
Axtaran tapar
Nə tökərsən aşına, o çıxar qarşına
Filmoqrafiya
- Arşın mal alan
- Səbuhi
- Məhəmməd Füzuli
- Daşdan tikilmiş şəhər
Adlar və mükafatlar
- Azərbaycan SSR xalq artisti fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
Ünlü aktyor 16 fevral 1945-ci ildə vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.02.2026)


