İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın teatr və kino sahəsində unudulmaz sənətkarlardan biri də Azərbaycan SSR xalq artisti Möhsün Sənanidir. Bu gün krifey sənətçinin anım günüdür.
Möhsün Sənani 19 iyun 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxıb. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verib və onları təqlid edib. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirib. 1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxıb.
Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayıb. 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəkdə birpərdəli səhnələrdə oynamağa başlayıb. 1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb ediliblər.
Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanan "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırıblar. O, bu rolu çox böyük ustalıqla ifa edib. Vəziyyətinin aqırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq bütün peşələrdən əl çəkib, ancaq aktyorluqla məşğul olub.
Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərib. Bunlardan: Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. Möhsün Sənani onların arasında ən gənc aktyor olub.
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradıb, ona həqiqi aktyor şöhrəti qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb.
1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.
Onun qızı, Bakı Dövlət Universitetinin rus dili müəlliməsi Gülər Möhsünqızımüsahibələrində atası haqqında ən maraqlı xatirlərini bölüşüb.
*Tiflisdə doğulanatamuşaqolandavalideynləriniitiribvə onu xalası Zeynəbsaxlayıb. Atam 15 yaşına qədər Tiflisdə yaşayıb, hamballıq edib, konduktor olub və «Şeytan bazarı»nda işləyib. O zirvəyə çatana qədər min əzabdan keçib. İndi baxırsınız, biri bir mahnı oxudu, iki aydan sonra əməkdar artist adını alır. Atam 20 ildən sonra əməkdar artist adını alıb. Beləliklə, atam Bakıya gəlib və gəlməsində Mustafa Mərdənovun çox köməyi olub.
*Onunla dostluq edərdi. Burada Mirzəğağa Əliyev kimi aktyorlar atamı imtahanla teatra qəbul edirlər və teatrda fəaliyyət göstərməyə başlayır. Daima sənətində qabağa gedir, həmişə atama baş rolları verirlər. Səs diapazonu da çox geniş olur atamın. Komik və tragik rolların öhdəsindən eyni peşəkarlıqla gələrdi. Səhnəyə çıxmazdan əvvəl sözünü səhnə arxasından deməyə başlayardı. Atamın səsi heç kimə oxşamırdı, seçilirdi. Artıq səsindən tanıyırdılar və əl çalmağa başlayırdılar.
*Anamdan çox atamı sevirdim. Hər yerə atamla gedirdim və ona görə də dərslərimi maşının içində oxuyurdum. Təki atamın yanında olum. Hər tamaşasına məni aparırdı. Rolun öhdəsindən elə gəlirdi ki, olub ki ağlamışam, inanmamışam, bu obrazı oynayan atamdır. Xaraktecə ciddi adam idi, amma zarafat etməyi xoşlayardı.
*Hər zaman mənimlə məsləhətləşərdi, çünki mən düzünü deyirdim. «Filan hissədə gülüşünə inanmadım», «filan hərəkəti etmə», «paltarı geyinmə» və bu kimi halları atama bildirirdim. O da mənim sözlərimi nəzərə alırdı. Rollarına çox ciddi hazırlaşırdı. Saat 12-də biz yatdıqdan sonra atam rolunu oynayardı. Səhər tez oyanardı, əvvəl gedib evə bazarlıq edərdi, pul qoyardı, sonra işə gedərdi. Atamı bütün insanlar çox sevərdi.
İndiki zəmanədə kiməsə tutduğu vəzifəsinə görə, savadına, özünü aparmasına görə hörmət edirlər, amma həmin insana sevgi olmur. Amma atama həm hörmət edirdilər, həm də sevirdilər. Hər kəs atamı tanıyırdı. Maşınla harasa gedən zaman hər kəs hörmət edərdi, yol verərdi, polislər atama yol verərdi. Atam da polisə «çest» verərdi. Həm hörmət, həm də sevgi hər adama nəsib olan hal deyil. Atamı nazir də, fəhlə də tanıyırdı.
*“Göz həkimi” tamaşasında sürücü Həsənağa rolunu çox sevirəm. Tragik obrazı isə Nodar Dumbadzeninin “Darıxma ana” tamaşasındakı obrazı idi. O zaman yaşlı idi və gözü görmə qabiliyyətini itirirdi. Səhnədə ayağının altını görmürdü, amma səhnəni çox gözəl tanıdığı üçün səhnəyə çıxırdı. O tamaşanın bir hissəsində «sevinirəm ki, sağam, nəfəs alıram, görürəm» deyəndə, gözlərindən yaş gedirdi. Çünki atamın gözü görmürdü. Tamaşaçılar elə bilirdilər ki, tamaşada bu, olmalıdır. Mən bilirdim ki, atam gözünə görə ağlayır. O rol mənə çox təsir edirdi. Axırıncı rolu o tamaşada oldu və bir dəfə ayağı büdrədikdən sonra teatra getmədi.
* Tüatrsız həyatı çox çətin keçirdi. Uzanardı, fikrə dalardı. Hər dəfə deyirdim ki, ay «papa», qurban olum, yarım saatlıq bulvara get, təmiz havada hərəkət elə. Bu sözü hər dəfə deyirdim. Bir dəfə dedi ki, qızım, gəl qarşımda otur. Oturmusan, amma mən səni görmürəm. Sən məni hara göndərirsən, ayağımın altını görmürəm. Ondan sonra bir daha o sözü demədim. Bir dəfə dedi ki, mən elə-belə uzanmıram. Uzanan zaman həyat kitabımı bir-bir vərəqləyirəm.
*Yalnız Mustafa Mərdanovla dostluq edərdi, amma evə dost gətirməzdi. Ailəmizə ancaq atam və anamın tərəflərindən qohumlarımız gələrdi. Onu da deyim ki, bir çox məşhurlarla dostluq edirdi, amma onlar xüsusi günlərdə evimizdə olurdular. Atamın 60 illik yubileyi idi. Atama dedim ki, gül mağazasına gedək, gül almaq istəyirəm. Balaca bir gül aldım və bu, heç vaxt yadımdan çıxmır.
Atamın ad gününə Mirzə İbrahimov, Sabit Rəhman, Maestro Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və nazirlər, professorlar gəlmişdi. O vaxt Bakıda bir nömrəli «İntuist» restoranı vardı və ofissiantlar, yeməklər oradan gətirilmişdi. Stolda nələr yox idi?
Filmoqrafiya
1. Laert ("Hamlet", V.Şekspir)
2. Kassiol ("Otello", V.Şekspir)
3. Serqo ("Şeyx Sənan", H.Cavid)
4. Mixaylo ("Uzaq sahillərdə", H.Seyidbəyli və İ.Qasımov)
5. Sadiq ("Xoşbəxtlər", S.Rəhman)
6. Həsənağa ("Göz həkimi", İ.Səfərli)
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar dostluğu" ordeni
- "Şərəf nişanı" ordeni
- "Əmək veteranı" medalı
- "Əmək igidliyinə görə" medalı
Möhsün Sənani 11 fevral 198-ci ildə, 80 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.02.2026)


