Ata-anası öldürülən 6 yaşlı acar qızına Nərimanov dəstək çıxdı... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti Rəmziyyə Veysəlova barədə danıçacağam, bu gün onun doğum günü – dünyaya gəlişinin 112-ci ildönümüdür.

 

1-ci Dünya Müharibəsi dövründə - 1914-cü il fevral ayının 11-də Bakıda anadan Rəmziyyə Veysəlova acar türkü qızı olub. Sonradan ailə ana Vətənləri olan və Gürcüstan ərazisi sayılan Acarıstana köşüblər. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulandan sonra onun qara günləri başlayıb... Valideynləri öldürülüb, evləri isə müsadirə edilib. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirib.

Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirilib. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonrakı taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil alıb. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub.

Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunub, kütləvi səhnələrə çıxıb, tamaşalarda iştirak edərək epizodik rollar oynayıb. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.

1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçüb. Aktrisa orada üç ilə yaxın "Rəmziyyə" və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış edib, müəyyən təcrübə toplayıb və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxıb. 1934–1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlib və hər ikisi Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivinə qəbul olunublar.

 

Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran ("Özgə uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz", "Od gəlini", "1905-ci ildə" və "Nəsrəddin şah", Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun) və s.

 

Teatrşünas Anar Ərtoğrul Burcəliyev Rəmziyyə xanımın gəlini Nüşabə xanıma istinadla yazır ki, 1941-ci ildə alman faşistləri Moskvaya yaxınlaşanda Moskva Bədaye Teatrı Gəncəyə köçürülüb. Rusiyanın böyük sənətkarları – SSRİ Xalq artistləri Vasili Kaçalov, Faina Ranevskaya, yazıçı Anton Pavloviç Çexovun həyat yoldaşı Olqa Knipper-Çexova və başqaları o zaman Gəncədə yaşayıblar, azərbaycanlı həmkarları ilə çiyin-çiyinə işləyiblər.

Qayınanası haqqında danışan Nüşabə xanım daha sonra bildirir:

– Uzun illər evimizin divarından Əşrəf Yusifzadə ilə birgə Rəmziyyə xanımın da portreti asılmışdı. Bu şəkildə onun boynundan Anna Axmatovanın boyun­bağısından var idi (Anna Axmatovanın şəkillərində görmüşdüm). Mən heç vaxt Rəmziyyə xanımdan bu boyunbağı ilə bağlı heç nə soruşmurdum. Ancaq ölümündən bir neçə ay qabaq Rəmziyyə xanım məndən xahiş etdi ki, ona kömək edib qonaq otağına aparım. O, içəri girəndə öz şəklinin qarşısında dayanıb baxdı və üzünü mənə tutub soruşdu:

– Nuşa, sən bilirsən bu boyunbağını mənə kim verib?

– Yox, – dedim.

O, söylədi ki, bir dəfə Gəncə Teatrında, deyəsən, Lermontovun “İki qardaş” pyesi oynanılırdı. Həmin tamaşada böyük sənətkarımız Məmmədrza Şeyxzamanovla tərəf-müqabil olan Rəmziyyə xanım səhnədə elə parlaq çıxış edib ki, zalda həmkarları ilə əyləşən Olqa Knipper-Çexova öz boyunbağısını onun boynuna taxıb.

— Mən bu boyunbağını düz 17 il saxladım, – dedi Rəmziyyə xanım. – Ancaq 1958-ci ildə “Nəsrəddin şah” tamaşasında həmkarım Sədayə Mustafayeva elə gözəl oynadı ki, mən boyunbağını ona bağışladım. Bu rolu vaxtı ilə mən də oynamışdım, lakin Sədayənin ifası məni elə titrətdi ki, bəlkə də, böyük yazıçı Çexovun əli toxunmuş boyunbağını onun boynundan asdım.

Daha sonra Nüşabə xanım nəql edir ki, düz 42 ildən sonra, yəni 2000-ci ildə qızım Aysel universiteti bitirib Gəncəyə qayıdanda, çox sevdiyim sənətkar, Xalq artisti Sədayə Mustafayeva bizə gəldi. “Məni və uşaqlarımı öpdü. – Qızıcan, – dedi, – məndə Rəmziyyə xanımın Knipper-Çexovanın ona bağışladığı bir yadigarı var. İstəyirəm onu Rəmziyyə xanımın öz nəvəsinə bağışlayım”. O həmin boyunbağını qızıma bağışladı

Beləliklə, Aysel üçün bu, artıq 3 korifey sənətkarın – Olqa Knipper-Çexovanın, Rəmziyyə Veysəlovanın və Sədayə Mustafayevanın əziz yadigarı oldu.

 

Mükafatları

1. "Azərbaycan SSR xalq artisti" fəxri adı

2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

3. "Şərəf nişanı" ordeni

4. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı

 

Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olan Rəmziyyə Veysəlova 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat edib və Bağbanlardakı Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.