"8" serialı – ödəniş lazım gələndə niyə ağız büzürük? Featured

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əslində, bizim televizorda son iki aydır Azərbaycan kanalları göstərilmir. Bu səbəbdən, yeni seriallardan, verlişlərdən xəbərsiz idim. Ancaq təsadüfən internetdə "8" serialı haqqında maraqlı və bir qədər də qalmaqallı xəbərlərə rast gəldim. Qeyd edim ki, serial şənbə günləri saat 23:00-da ARB kanalında və eyni zamanda kinoteatrlarda tamaşaçılara təqdim olunur.

 

Bu xəbərlər məndə də maraq yaratdı. Uzun illərdir Azərbaycan seriallarına baxmayan biri olaraq (adı indi yadımda olmayan 1-2 serial istisna olmaqla) düşündüm ki, bu dəfə bir şans verim. Üstəlik, layihənin altında Hikmət Rəhimov imzasının olması və serialın psixoloji janrda çəkilməsi marağımı daha da artırdı. Elə bu səbəbdəndir ki, serial 18+ kateqoriyası ilə məhz gec saatlarda yayımlanır.

İlk seriya yayımlandıqdan sonra serialın həm efirdə, həm də kinoteatrlarda qadağa olunması ilə bağlı xəbərləri eşitdim. YouTube-də axtarsam da, tapa bilmədim. Səhəri gün sevdiyim aktrisa Zülfiyyə Qurbanovanın Instagram paylaşımında ilk iki seriyanın yenidən yerləşdirildiyini oxudum, təbrikimi yazdım və ertəsi gün baxmağa başladım. Açığı, 18+ qeyd olunmasına baxmayaraq, düşünürəm ki, psixoloji cəhətdən həssas insanlar üçün bu serial ağır ola bilər. Özümü psixoloji baxımdan güclü saysam da, etiraf edim ki, mənə də təsirsiz ötüşmədi.

Serialın ən çox diqqətimi çəkən tərəfi onun psixoloji dərinliyidir. Baş obrazın qızı ölür və o, qızının ölümündə günahkar olan hər kəsi bir-bir öldürür-yalnız "1" nəfər istisna olmaqla… Yəqin ki, ona hələ növbə çatmamışdı. İlk bölümdə baş obrazın cinayət üstündə tutulduğunu görürük.

Əlbəttə, cinayət heç bir halda haqq qazandırıla bilən bir şey deyil. Amma hadisələrə bir də baş obrazın gözü ilə baxmağa çalışaq. Qızı ölməmişdən əvvəl ona inanmayan bir məktəb rəhbərliyi, laqeyd psixoloq, hətta doğma ana və şiddət göstərən ögey ata. Qız sistemli şəkildə bezdirilir, tək buraxılır və sonda intihara sürüklənir. "İntihardır" deyildiyi üçün isə bütün mənəvi qatillər azadlıqda qalır. Onları məsuliyyətə cəlb etmək mümkün olmur- nə dəqiq sübut var, nə də doğru psixoloq rəyi. Bu nöqtədə baş obraz cəzanı özünün verməli olduğuna inanır.

 

Bu hal təkcə serialın süjeti deyil, real həyatda da tez-tez rast gəldiyimiz mənzərədir. İntiharlardan sonra mənəvi məsuliyyət daşıyanların azad qalması, cəmiyyətin isə susması ya da susdurulması…

Baş obraz qızının qisasını almaqla həm də ruhunu azad etmək istəyir. Amma bu yol onu daha dərin bir bataqlığa sürükləyir. Serial boyu qatildə ciddi psixoloji problemlərin olduğunu görürük: uşaqlıq travmaları, ailədaxili gərginlik, övlad itkisi, cəmiyyətin susqunluğu və cahilliyi. Bütün bunlar normal bir insanı belə sonda sındıra bilər. El arasında deyildiyi kimi, mərdi qova-qova namərd edərlər.

Bu yanaşmanı cəmiyyətə də tətbiq etmək olar. Bəzən insan yaxşılıq edir, qoruyur, sahib çıxır, amma qarşılığında gördüyü namərdliklər onu mənəvi cəhətdən öldürür və o, zamanla öz prinsiplərindən uzaqlaşaraq qarşı tərəfin dili ilə danışmağa başlayır.

Serialda diqqət çəkən əsas məqamlardan biri də məktəblərdəki boşluqlar və psixoloqların üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməməsidir. Uşaq psixoloqa ögey atasının şiddətindən, sinif yoldaşlarının bullinqindən danışır, amma psixoloq buna inanmır, bunu uşağın öz doğma atasının yanında qalmaq üçün uydurduğu bəhanə kimi qiymətləndirir. Bu ya işini düzgün görməyən, məsuliyyətdən qaçan bir mütəxəssisdir, ya da sadəcə peşəkarlıqdan uzaqdır. Məktəb rəhbərliyi isə ümumiyyətlə laqeyd mövqe tutur. Doğma ata danışır, izah edir, amma sözləri ciddiyə alınmır, hətta qovulur.

Digər müzakirə mövzusu isə serialın yayım forması ilə bağlıdır. İlk iki seriya YouTube-də yayımlansa da, sonrakı bölümlərin ödənişli platformada təqdim olunacağı bildirilib. Şərhlərdə yazılanları oxuyanda açığı təəccübləndim. Biz incəsənətə bu qədər laqeyd yanaşdıqca onun inkişafını da gözləyə bilmərik. Gündə siqaretə, içkiyə, başqa nələrəsə 5-10 manat xərcləyən cəmiyyət aylıq bir platformaya cüzi məbləğ ödəməyi çox görür. Halbuki bu insanlar layihəni öz büdcələri ilə ərsəyə gətiriblər, kinoteatrlarda nümayiş etdirirlər ki, gələcək işlər üçün imkan yaransın. YouTube-də pulsuz yayımlansa, kim kinoteatra gedib baxacaq? Bu isə birbaşa zərər deməkdir. Üstəlik, serial onsuz da televiziyada yayımlanır. İstəməyən, imkanı olmayan həmin saatda baxa bilər. Biz ya dəstək olmalıyıq, ya da ən azından bu cür işlərə qəribə,aşağılayıcı şərhlərlə köstək olmamalıyıq.

Şəxsən mən ödənişli platformalardan demək olar ki, istifadə etmirəm, çünki çox da serial və film izləyən biri deyiləm. Amma "8" serialı məni cəlb etdiyi üçün çalışıram tam 45dəqiqə olmasa belə, ən azı 25-30 dəqiqə ayırıb canlı olaraq izləyim. Bizim mədəniyyətimizin və incəsənətimizin müəyyən çərçivədə qalmasının əsas səbəbi də məhz budur: yaxşı olan az sayda işə də dəstək olmamağımız, birlik göstərə bilməməyimiz və bəzən bir-birimizə mane olmağa çalışmaq istəməyimiz.

 

“Ədəbiyyat və incəsənət”

(09.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.