İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan teatr, kino sənətinin inkişafında müstəsna xidməti olan sənətkarlarımızdan biri də görkəmli teatr, kino xadimi, Respublikanın Xalq artisti, aktyor, rejissor Lütfi Məmmədbəyovdur.
Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib.
Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik edib. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirib.
1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.
Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb
Lütfi Məmmədbəyov respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında 12 seriyalı filmə quruluş verib. Daha sonra 6 seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də 6 seriyalı “Yağışdan sonra” (1998) seriallarını çəkib.
Filmoqrafiya
- Ağasadıq Gəraybəyli
- Alov
- Atayevlər ailəsi
- Bəxtiyar
- Duel
- Göz həkimi
- İtkin gəlin
- Kişilər
- Qızmar günəş altında
- Leyli və Məcnun
- Mehmanxana sahibəsi
- Mücrü
- O olmasın, bu olsun
- Yağışdan sonra
- Həmyerlilər
- Sarıköynəklə Valehin nağılı
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti
- Azərbaycan Respublikasının xalq artisti
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Qızıl Dərviş" mükafatı laureatı
Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat edib. Allah rəhmət eləsin!
Ağdaşda onun ev muzeyi görəsən fəaliyyət göstərirmi? Əgər göstərmirsə, məncə, ağdaşlılar bu barədə çoxdan düşünməli idilər...
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)
İnci Məmmədzadə


