İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan səhnə sənətinin mərkəzdən uzaqlarda yaşadılması və inkişafına töhfə verən sənətkarlardan biri də tanınan aktyor və rejissor, Xalq artisti Səməd Mövləvidir. Sənət yolu Təbriz, Naxçıvan, İrəvan və Tiflis səhnələrindən keçən teatr xadimi həm aktyor oyunu, həm də müxtəlif pyeslərə verdiyi maraqlı quruluşlarla sənətsevərlərin yaddaşında dərin iz qoyub.
Əbdülsəməd Rzalı (Səməd Mövləvi) 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açıb. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləyib. Səməd Mövləvi 8 yaşında ikən atasını itirib və böyük qardaşı Əhməd ağanın himayəsində yaşayıb.
O, ilk təhsilini molla məktəbində alıb və 1916-cı ildə buranı bitirib. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olub. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilib. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazıb:
"Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
O zamanlar İranda birinci rus inqilabının təsiri ilə bir sıra mütərəqqi təşkilatlar yaradılıb. Bunlardan biri də "Cəmiyyəti-xeyriyyə" olub. Bu təşkilat öz mütərəqqi fikirlərini kütlələrə çatdırmaq üçün ən güclü vasitələrindən biri olan teatr cəmiyyətini təşkilat nəzdində ideoloji məqsəd kimi yaradıb.
Səməd Mövləvi həmin vaxt Təbrizdə ilk dəfə tamaşaya qoyulmuş "Ölülər" tragikomediyasında İskəndər obrazını Böyük xan Naxçıvanlı, çirkin əməllər carçısı olan Şeyx Nəsrulla surətini isə Səməd Mövləvi böyük məharətlə oynayıb. Səhnəmizin sabiq əməkdaşlarından biri olan Əkbər Abbasov öz xatirələrinin birində deyib:
"Çox yaxşı yadımdadır, Səməd Mövləvi o zaman Şeyx Nəsrulla rolunu çox böyük məharətlə oynayırdı. Mən də Səməd Mövləvidəki fitri istedadı görüb Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra onun Naxçıvan səhnəsinə gətirilməsini təşkil etdim".
Yarım əsrə yaxın bir dövrdə Səməd Mövləvi 225-dən çox müxtəlif xarakterli obraz ifa edib. O, İrəvan şəhərində Azərbaycan teatrının təşkil olunması üçün rəhbərliyə dəvət olunub, 1924-cü ildən 1925-ci ilin sentyabrınadək oradakı Azərbaycan teatrında Hüseyn Cavidin "İblis", "Şeyx Sənan", C.Cabbarlının "Aydın", N.Nərimanovun "Nadir Şah", Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Ər və arvad", "Arşın mal alan" pyeslərini tamaşaya qoyub
Səməd Mövləvinin Tiflis şəhərindəki yaradıcılığı da diqqətəlayiqdir. Belə ki, Tuqanov, Burçalov, Yevdokimov, Diyevski, Mərcanaşvili, Kirmanşahlı kimi rejissorların Tiflis səhnəsindəki yaradıcılığı Səməd Mövləvi üçün bir məktəb olub və onun səhnə fəaliyyətində dönüş əmələ gətirib. Daha sonra Səməd Mövləvi doğma yurdu saydığı Naxçıvana qayıdaraq Dövlət Dram Teatrında rejissor işləməyə başlayıb.
1921-ci ildən ömrünün sonunadək Naxçıvan Dram Teatrında (sonralar Naxçıvan Dövlət Musiqili Dram Teatrı) işləmiş, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" operalarını tamaşaya qoyub. 1924–1926-cı illərdə İrəvan və Tiflis Azərbaycan teatrlarında işləyib, İrəvanda "Leyli və Məсnun" və "Arşın mal alan" tamaşalarına quruluş verib.
O, Cəfər Cabbarlının "Od gəlini", "1905-ci ildə", Hüseyn Cavidin "Şeyx Sənan", "İblis", "Şeyda","Uçurum","Dəli knyaz", M.F. Axundovun "Hacı Qara", Şəmsəddin Saminin "Dəmirçi gavə", gürcü yazıçısı Şanşiaşvilinin "Anzor", Şekspirin "Hamlet", "Otello", Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", hind yazıçısı Hüseyn Fitrətin "Hind ixtilaçıları", rus klassiklərindən Qoqolun "Müfəttiş", Ostrovskinin "Günahsız müqəssirlər", Şkvarkinin "Özgə uşağı" pyeslərini müvəffəqiyyətlə tamaşaya qoyub və özü də ayrı-ayrı rollarda çıxış edib.
Onun ifa etdiyi rollar silsiləsində yaratdığı surətlər rəngarəng olmaqla, S.Mövləvidəki yaradıcılıq qabiliyyətinin olmasını aydın göstərib. "Şeyx Nəsrulla", "dəmirçi Gavə", "Nadir Şah", "general Karl","Otello","Ferdinand", "Anzor", "İblis","Sənan", "Məcnun", "Kərəm", "Mirzə Səməndər", "Vidadi" kimi rollarda Səməd Mövləvi yaradıcılığının birtərəfli deyil, rəngarəng, həm də nə qədər təbii şəkildə inkişaf etdiyini tamaşaçılar görüb alqışlayıblar.
İkinci Dünya müharibəsi illərində özünü fəal bir ictimaiyyətçi kimi göstərən Səməd Mövləvinin fəaliyyətini nəzərə alan SSRİ Ali Sovetinin Rəyasət Heyəti onu "İgidliyə görə", "Qafqazın müdafiəsinə görə" medalları ilə təltif edib. Ona 17 iyun 1943-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1960-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilib.
Azərbaycan səhnəsinin görkəmli sənətkarlarından olan S.Mövləvi 1962-ci il fevral ayının 3-də Naxçıvanda vəfat edib. Müstəqillik illərində nəşr olunan "Naxçıvan teatrının salnaməsi" kitabında görkəmli aktyor barədə müfəssəl məlumat verilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2026)


