“Azərbaycanfilm”in birinci direktoru Featured

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sənətkarlarımız Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı yolunda parlaq ulduz kimi daim bərq vurublar. Teatr sənəti tarixində sənətsevərliyi, fədakarlığı ilə seçilən və sevilən rejissorlarımız çox olub.  Xalq artisti Məhərrəm Haşımov da həyatını Azərbaycanın səhnə sənətinin inkişafına həsr edən novator rejissor kimi tanınıb.

 

Bu gün "Azərbaycanfilmin'" birinci direktoru, Xalq artisti Məhərrəm Haşımovun anadan olmasının 114 ili tamam olur.

Milli teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olub. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş verib. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxıb.

1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışıb. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.

Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş verib.

Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilib və baş rejissor olaraq fəaliyyət göstərib. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışıb. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub

 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edib, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilib.

 

Təltif və mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 (İmran Qasımovun "Xəzər üzərində şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram Teatrında verdiyi quruluşa görə)

- "Qırmızı əmək bayrağı" ordeni

- "Şərəf nişanı" ordeni

- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 1969 ("Damokl qılıncı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) və "Kino çəkilir…" (Edvard Radzinski) tamaşalarına verdiyi quruluşlara görə)

 

Məhərrəm Haşımovun teatrdakı 40 illik fəaliyyəti dövründə müasir teatr sənəti özünün həm təşəkkül, həm yetkinləşmə, həm də inkişaf dövrlərini yaşayıb. Bir rejissor kimi o, müxtəlif dövrlərdə, müxtəlif teatr məkanlarında həm sərt realizm, həm lirik-romantik üslub, həm də fəlsəfi-psixoloji istiqamətlərlə üz-üzə gəlib.

 Onların hər birindən nəsə götürüb, eyni zamanda hər birinə öz dəst-xəttindən nəsə verib. O, rejissor, novatorçu sənətkar kimi yaddaşlarda qalıb.

Görkəmli teatr rejissoru Məhərrəm Haşımov 2 may 1969-cu ildə, 57 yaşında vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.