Müharibədə həm döyüşüb, həm də müharibəni kadrlara alıb Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Çəkdiyim filmlər içərisində "Onu bağışlamaq olarmı?" və "Birisigün gecəyarısı" filmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən də bundan gen-bol istifadə etdim", - belə deyib Teyyub Axundov.

Bu gün onun haqqında danışacağam.

 

Teyyub Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlib. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meyilli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilib.

Teyyub Axundov 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərib. Sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışıb, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alıb. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedib.

Ukrayna cəbhəsində vuruşub, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edib. İki dəfə yaralanaraq hospitala düşüb. Qələbə xəbərini Vyanada eşidib. Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalan şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alıb.

Özü də bilmədən müharibənin salnaməsini yaradıb. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilib. 1946-cı ilin iyununda ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə Bakı kinostudiyasına qayıdıb. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya — Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilib.

 

 Orda məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya və Mark Magitsondan operator sənətinin sirlərini öyrənib. Doğma kinostudiyaya qayıtdıqdan sonra isə geniş dünyagörüşünü və zəngin mütaliəsini səmərəli iş əmsalına çevirib Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirib. İstedadlı operator ona tapşırılan hər bir mövzuya diqqətlə yanaşıb, aktyor psixologiyasına yaxından bələd olub, rejissor istəyini dəqiq yerinə yetirib.

Bütün bunlar gənc, lakin kifayət qədər həyat təcrübəsi olan kinooperator üçün vacib olub. Kinorejissorlar da tarixi-bioqrafik ("Mahnı belə yaranır"), detektiv ("Onu bağışlamaq olarmı?"), tarixi-inqilabi ("Qatır Məmməd"), hərbi-vətənpərvərlik ("Dağlarda döyüş"), lirik-psixoloji ("Tütək səsi", "Şərikli çörək") və başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə ediblər

İstedadlı kinooperator 1954-cü ildə Yan Frid və Hüseyn Seyidzadənin çəkdiyi "Doğma xalqıma" adlı ekran əsərinin operatorlarından biri olub. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi olub. O, filmdə tanınmış operatorlar Ə. Atakişiyev və X. Babayevlə birlikdə çalışıb. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T. Tağızadənin "Görüş" filmində (C. Məmmədovla birgə) çalışıb.

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilib, kənd zəhmətkeşlərinin həyatından bəhs edən, natura çəkilişləri bol olan filmdə Teyyub Axundov müxtəlif rakurslu çəkilişlər vasitəsilə özünün yaradıcılıq kredosunu təsdiqləyib, milli kinomuzda peşəkar operator məktəbinin banilərindən birinə çevrilib. Kinorejissorların diqqətini çəkən sənətkar bundan sonra bir-birinin ardınca müxtəlif janrlı filmlərin çəkilişinə dəvət alıb.

Görkəmli rejissor Rza Təhmasib Teyyub Axundovun nəzəri və praktik biliyinin daha genişplanlı və məzmunlu ekran əsərləri işləməsinə imkan verdiyini görür və 1959-cu ildə quruluş verdiyi "Onu bağışlamaq olarmı?" filmini lentə almağı ona həvalə edir. Teyyub Axundov xatirələrində yazır: "Çəkdiyim filmlər içərisində "Onu bağışlamaq olarmı?" və "Birisigün gecəyarısı" filmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən də bundan gen-bol istifadə etdim".

 

Filmoqrafiya

- 20+1

- Alman klinikasına şəxsi səfər

- Ankilostomidoz

- Azərbaycan aşıqları

- Azərbaycanın subtropiklərində

- Bağçada rahat yer

- Bir nömrəli...

 

Azərbaycan kinosuna layiqli imza atan kinooperator Teyyub Axundov 1991-ci il dekabrın 3-də, 71 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.