Səsin möcüzəsi - REKVİYEM Featured

Aydın Qaradağlının haqq dünyasına qovuşmasından 46 il ötür

 

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün.

 

Səs – təkcə duyğuların zahirdə təzahür forması, özünümüdafiə vasitəsi deyil.

Səs – daxildəki palitranın fəlsəfi çalarını bəlləyən vasitədir.

“Səsin də rəngi var” ifadəsi məndən ötrü aksiomdurr.

 

Duyğusal düşüncələrin  görüntü düzənləmək təşnəsi öz harmoniyasında səsin həm də dramaturji modelinin mövcudluğu imkanını qabardır.

Xarakteri, dünyagörüşünü, cəmiyyətdə münasibəti, inamı və imanı, alın yazısını öz strukturunda ehtiva edən səs məhz bu komponentlərin tarazlaşdırdığı  rəngi və ünü təqdim edir.

Gümüş səs, bass səs, məxməri səs, tenor, bariton... Mümkün deyil ki, bu sıralama hansı formadasa iç aləmin sevinci  və ya əndişələri ilə sıx bağlanmasın.

Çox müşahidə etdiyim məqamlardandı: erkən haqq dünyasına qovuşmuş adamın son şəkillərinə baxanda “gözlərinə baxın, kədəri görürsünüz?” qənaəti söylənilir. Mən bu mistik məntiqə inanıram. Mənə elə gəlir ki, respublikanın əməkdar artisti, görkəmli diktor Aydın Qaradağlının sonuncu leny yazısına qulaq asanda səsin daxili dramaturgiyası öz sahibinin kasandra qanununun diktə etdiyi nigarançılığı bitirəcək. Ömür montajına boyun əymək istəməyən sözlərin, səslərin valın üstündən qaçmaq istədiyini duymaq mümkün olacaq.

Kimi dindirirsən, “Aydın Qaradağlının səsi qeyri-adi, qəribəydi”,  deyir. Mən də bu qənaətdəyəm, hətta “möcüzə” deyirəm.  Bu qeyri-adilik, bu möcüzə heç bir televiziya, radio, teatr terminologiyası qəlibinə sığmır.

Bu səs – sadəcə Allah vergisiydi və Aydın Qaradağlı şəxsiyyətini tamamlayan komponent idi.

Aydın Qaradağlı M.F.Axundov adına Teatr məktəbində oxumuşdu. Kazım  Ziyadan, Əli Sultanlıdan, Fatma Qədridən, Mikayıl Rəfilidən, Mehdi Məmmədovdan sənət dərsi almışdı.

1946-cı ildə ilk dəfə efir həyəcanı yaşamışdı.

Xurşudbanu Natəvanın lirikası sınaq ifası oldu.

1951-1955-ci illərdə əsgərlik xidməti ilə bağlı bir müddət sevimli işindən ayrıldı. Böyük dramaturq Cəfər Cabbarlının adını özü verdiyi qardaşı qızı Gültəkin əmisinin Aydın tamaşasına baxır...

Hərbi xidmətdən qayıtmış Aydın da “adaşı” olan tamaşaya dəvət olunur.

... Və həmin axşam taleyin dramaturgiyası Cəfər dramaturgiyasına yüngülcə düzəliş verir. Aydınla Gültəkin tanış olurlar. İlk baxışdan bir-birlərinə vurulurlar.

Elə 1955-ci ildə də ailə qururlar.Sözün nazını çəkən, hər səsin üstündə əsən, Azərbaycan dilinin şəhdi-şirəsini doğru çatdırmaq iqtidarında olan sənətkar idi Aydın Qaradağlı.

Hər gün içi rus, azərbaycan, ərəb, fars lüğətləri ilə dolu çamadan götürüb işə gedərdi. Çünki peşəsinə sevgisi, işinə məsuliyyəti vardı.

Bu səs hər kəsi öz ahənrübasına çəkirdi.

Marşal Vasilyevskinin Polşada yaşayan qızı efir dalğalarında Aydın Qaradağlının səsinə vurulur və ona məktub yazır: “Sizin səsiniz möcüzədir!”

Qara Qarayevin “İldırımlı yollarla” baleti ilk dəfə  o vaxtkı Leninqradda tamaşaya qoyulanda Azərbaycan radiosunda əsərin radiomontajını hazırlamaq qərara alınır. Dahi bəstəkarın təklifi və təkidi ilə mətni Aydın Qaradağlı oxuyur.

Səməd Vurğun “Muğam” poemasını radioda hissə-hissə oxuyan Aydın Qaradağlını “qızıl səsli diktor” adlandırılmışdı.

Sabir Sarvan deyirdi ki, məni Mədəniyyət və İncəsənət Universitetinə gətirən Aydın Qaradağlının əfsanəvi səsi oldu.

 

“Nə diktorun, nə radio, televiziya jurnalistinin danışığında haralı olduğu, hansı regionda doğulduğu bilinməməlidir”(Aydın Qaradağlı).

 

1966-1969-cu illərdə Azərbaycan radiosunun baş rejissoru kimi fəaliyyət göstərən Aydın Qaradağlı Edit Piafa, Nizami Gəncəviyə, Albert Moraviliyə müraciət edib, maraqlı radio-tamaşalar da qurub.

Sənət adamı üçün həmişə formada qalmağı vacib sayan Aydın müəllim hər gün səhər tezdən  idman və artikulyasiya məşğələləri ilə məşğul olurdu.

Aydın Qaradağlının musiqi duyumu güclü olub. Övladları söyləyirlər ki, pianoda sadə, şirin barmaqları vardı. “Leylinin atasının ariyasi”nı çox sevirmiş.

Filmə çəkilməliymiş. Baş tutmayıb. Hüseyn Seyidzadə onda Cahandar ağa, Tofiq Tağızadə Gəray bəy obrazını görürdü. Bu, təsadüfi deyildi. Aydın Qaradağlı şəxsiyyətində bir ağayanalıq, bəy nəcibliyi, əsilzadə qüruru vardı. Büsbütün milli insan idi.

34 yaşında, əməkdar artist Fəxri adını alan ilk diktor olub. Övlad toyu görmək qismət olmadı. Yaxşı ki, Xanımla  Aygülün tələbə adını qazandıqları günün süvincini yaşaya bildi.

Aydın Qaradağlı dostcanlıydı. Neftçalada yaşayan dostu, professor, el ağsaqqalı İmamverdi Əbilova tez-tez baş çəkərdi. Professorun məktəbli oğlu Azər (“Ədəbiyyat qəzeti”nin baş redaktoru, görkəmli tədqiqatçı Azər Turan ) görüşlərin birində çox dəcəllik edir, dil-dil ötür, suallar verir, sonra da qayıdır ki, Aydın əmi, diktorlar bu boyda danışırlar, yorulmurlar?

-Ə, zalımoğlu, səndən çox danışan yoxdur, iki gündür burdayam, sənin əlindən bezmişəm, - Aydın müəllim Azərin boynunu qucaqlayır, alnından öpür, - Allah səni saxlasın, sənin yaxşı gələcəyin var.

1979-ci ilin sonlarında 50 illik yubileyi keçirilib. Fəxri-fərman, mükafatlar aldı və Yaltaya bir aylıq istirahətə göndərdilər.

İmamverdi əmi söyləyirdi ki, ölümündən bir ay qabaq yağışlı bir gündə axşam qəfil girdi içəri. Çox dalğın idi. Gecə də qalmadı. Bir saat oturub Bakıya qayıtdı. Çox dil tökdüm, fikrindən daşındırmaq istədim:

-Gəlməklə getməyin bir oldu ki! Gecəni qal, sübh tezdən yola salaram.

-Sən narahat olma. Birdən könlümə düşdü ki, gedim, Neftçalaya baş çəkim.

...Neftçalaya sonuncu səfəriymiş... Qədim dostu ilə vidalaşmaq istəyib...

1980-ci il, 27 yanvar ... Şənbə günü.

Özünü pis hiss edən  Aydın Qaradağlı -səsi ilə mocüzə yaradan Aydın Qaradağlı danışığını ititrir. Yeməkdən imtina edir. Yaxınları əl-ayağa düşürlər, həkim çağırırlar. Həkim bir-iki dərman təyin edib gedir.

Yanvarın 27-dən 28-nə keçən gecə Aydın Qaradağlı əli ilə 14 yaşlı oğlu Vüqara yaxına gəlməyi işarə edir. Əziz-giramisini üzbəüz otuzdurur. Əlini qoyur oğlunun çiyninə. Hələ həyatın bərkini-boşunu görməmiş Vüqar çiynində bir ağırlıq duyur, gözləri dolmuş, doluxsunmuş halda atasına baxır. Ata ilə oğul arasında lal baxışlar bir neçə dəqiqə davam edir.

İndən beləki həsrətin, ürək yandıran ayrılığın sızıntısına bələnmiş bu baxışların altında yavaş-yavaş Vüqarın çiynindəki əl düşür.

Və canını tapşıran Aydın Qaradağlı o gecə ailə  yükünü, şəcərənin ləyaqət kodunu, qürurla yaşamaq kodeksini oğluna ötürür, ciyər parasına tapşırır.

Bu – səsini xalq yaddaşına tapşırmış böyük sənətkarın səssiz vəziyyəti, rəmzi nəsihəti, son söz əvəziydi .

Bir neçə aydan sonra Xalq artisti adına təqdim olunmalıydı.

Xalq öz sevimli sənətkarı ilə Aktyor evində vidalaşdı .

Yanvarın 28-də, 1980-ci ildə Bakıya qar yağırdı.

 

“Böyüklüyünü çox-çox sonralar dərk etdiyim əsl vətəndaş, dərdini içinə çəkən, korun-korun tüstülənən ocaq və bir də dünyalar qədər sevdiyim atam” (Vüqar Qaradağlı).

 

Vüqar Qaradağlı şərqşünas alim kimi şöhrət qazanıb. Quranın elmi-nəzəri, konseptual məsələləri, tərcüməsi ilə məşğul  olur, BDU-da pedoqoji fəaliyyətlə məşğuldur.

Anası Gültəkin xanım yönəldib onu bu sahəyə. Zənnimcə, bu, həm də alın yazısıdır.

Gültəkin Qaradağlı səsi ilə layla dinləyən, Aydın Qaradağlı səsi ilə tərbiyə alan bir uşaq bu itkilərdən sonra hikməti, qüdrəti, toxtaqlığı yalnız Quran möcüzəsində, Quran avazında tapa bilərdi.

... Keşgə, Aydın Qaradağlı oğlu Vüqarın tərcümə etdiyi Qurani-Kərimi o möcüzəli səsi ilə radiodan oxuyardı...

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

 

                                                                                      

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.