Heç bir fəxri adı olmadı, izi qalmadı... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Onun Musiqili Komediya Teatrında işlədiyi vaxt Şəmsi Bədəlbəylinin teatrdan getdiyi vaxta təsadüf elədi. Teatrda tənəzzül başlamışdı. Ofeliya qabiliyyətli olduğunu göstərə bildi, amma istedadını tam təqdim etmək imkanı düşmədi əlinə. Qabiliyyət istedada keçir, istedad kamilliyə. Bu pillə Həsənağa Turabovda, Səməndər Rzayevdə, Məlik Dadaşovda sürətlə çıxdı, amma Ofelya Aslanda yarımçıq qaldı. Maraqlı obrazlar oynadı, heç bir fəxri adı olmadı, izi qalmadı”. Teatrşünas İlham Rəhimli

 

Ofeliya Aslan 27 yanvar 1939-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından qəlbində səhnəyə məhəbbət bəsləyən Ofeliya Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xorunda oxuyub.

 1965–1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub (qısa fasilələrlə).

Aktirsa Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb. Son illər Ofeliya Aslan Əfqanlı kimi çıxış edib.

 

Ailə və sənət dostları olan aktyor Novruz Qartal Ofeliya Aslan haqqında danışır ki, Ofeliya onun həm iş yoldaşı, həm də ən yaxın dostu olub:

 “Teatrda, bəlkə də yeganə aktrisa idi ki, heç vaxt onun kiminsə barəsində dedi-qodu etdiyini, qeybətləşdiyini görməzdik. Aktrisalar arasında hər zaman qalmaqallar, dedi-qodular olur, axı. O vaxtlar truppa müdiri idim və kimin hansı xasiyyətdə olduğunu gözəl bilirdim.

Ofeliya sakit, başıaşağı, öz işi ilə məşğul olan aktrisa idi. Dəfələrlə Ofeliya xanımla rayonlarda qastrol səfərlərdə olmuşduq. Rayon camaatı onu o qədər sevirdi ki, qaldığımız mehmanxananın qabağında növbə çəkirdilər.

 

O deyirdi, Ofeliya Aslanı evimə mən qonaq aparacam, bu deyirdi, mən qonaqlıq verəcəm. Özünü sevdirən qadın idi. Mən onunla ən gözəl tamaşalarda tərəf müqabili olmuşam. “Hicran” tamaşasında, o, Çarlistonu oynayırdı, mən də Balaəmini. Məni də elə o tamaşadan sonra “Balaşka” deyə çağırırdı”.

 

Aktrisa keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R. Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunda çıxış edib.

 Azərbaycan televizyasının bir sıra teletamaşalarında yaddaqalan rollar oynayıb. Mozalan Satirik Kinojurnalının bir neçə nömrəsində çəkilib. Aktrisa 54 il teatrda çalışıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Əsas rolları

"Musiqili Komediya Teatrı"

- Ev bizim, sirr bizim (N. Gəncəli) — Aytən

- Durna (S. Rüstəm) — Lalə

- Seyindik qız axtarır (Ş. Qurbanov) — Sevər

- Olmadı belə oldu belə (Ş. Qurbanov) — Matan

- Həyətim mənim həyatım mənim (Cahangir Məmmədov və Əşrəf Abbasov) — Cenni

- Həmişəxanım (S. Qədirzadə) — Diləzbər

- Arşın mal alan (Ü. Hacıbəyli) — Telli

- Məmmədəli kurorta gedir (A. Zeynallı) — Şəfa

 

Filmoqrafiya

- Aktrisanın təbəssümü (film, 1974)

- Xoşbəxtlik qayğıları (film, 1976)

- Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)

- Yol əhvalatı (film, 1980)

- Evləri köndələn yar (film, 1982)

- Sevdagül və Şarlotta (film, 1986)

- Ayrılıq imiş (film, 2008)

 

Ofelya Aslan 18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.