Sənədli kinonun əlifbasını gözəl bilən ssenarist Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sənədli kino bədiidən xeyli çətindir. Əlbəttə ki, söhbət sanballı kinodan gedir. Daha kameranı şəxsə tuşlayıb bir saat onu danışdırıb “kino çəkdim” deməkdən getmir.

Arxiv kadrları, müasir dövrlə keçmişin sintezi, sinxronların əndazəni aşmaması və ən əsası – mesajı düzhün ötürmək. Bütün bunları keyfiyyətli sənədli kinonun formalaşması düsturudur.

 

Sənədli kinomuzda bir ssenarist adı həkk edilibdir. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru Camal Yusifzadə. O, 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirib.

Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb, həm də 2 saylı şəhər orta məktəbində tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində işləyib.

"Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub. Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini olub

1998-ci ildən həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş redaktoru işləyib. Onun "Dağlar arxasız olmur", "İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.

4 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

 

Əsərləri

 

- Lənkəran nəğməsi

- Atlılar, qanadlılar

- Yol içində milyon seçdik

- Payızdan gələnlər

- Ümiddən keçən yol

- Küləyi döymək olmaz

 

Filmoqrafiya

1. Müqtədir ədib (S.S. Axundov)

2. Gələcəyə gedən yolda (Qılman İlkin haqqında)

3. Kim məni xatırlasa (N. Xəzri haqqında)

4. Ömrün yuxuları (C.Məmmədquluzadə haqqında)

5. Füzuli rindu şeydadı

6. Rauf Kazımovski

7. Ağaxan

8. Aqşin Əlizadə

9. Aşiqlər

10. Ayna

11. Atəşgah

12. Azərbaycan çinisi

 

Azərbaycanlı şair, dramaturq, nasir, ssenarist Camal Yusifzadə 2017-ci il yanvarın 16-da 75 yaşında qəfil ürək tutmasından dünyasını dəyişib. Doğulduğu Lənkəranda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.