Bu cür səs və belə diksiya hər kəsdə olmur Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, qəhrəmanlıq, vətəmpərvərlik haqda şeirlər deyəndə heç kəs biganə qala bilmir. Bir dəfə şahidi olmuşam, Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini necə deyirdisə insanın damarında qanı çoşurdu...

 

Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti Ağalar Bayramov 1954-cü ilin yanvar ayının 16-da Azərbaycan Respublikasının Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961–1971-ci illərdə orta məktəbdə, 1971–1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.

1972–1974-cü illərdə Göyçayda işləyən Ağalar 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində hərbi xidmətə yollanıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıdan Ağaların nənəsi rəhmətə gedib və o artıq rayonda qala bilməyib və 6 ay sonra Bakıya yollanıb. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verib, lakin qəbul ola bilməyib.

1977–1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnib. Aktyor 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə ailə quran aktyor institutu bitirdikdən sonra 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini işləyib.  Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlayıb.

 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı fənnini tədris edib. 1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.

 

 2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib. Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib.

DAK-dakı fəaliyyətinin başlıca məqsədi Azərbaycanın bütövlüyünə, Güney Azərbaycanın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan ibarətdir. Harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keçmə-keçli yolları aşılamaqdan ibarətdir.

Bir neçə filmdə baş rola çəkilib: "Oyun", türkçülükdən bəhs edən "Tanrı işığı" və Məhəmməd Peyğəmbərə həsr olunmuş "Adın hikməti". Onun ssenarisi üzrə çəkilib və özünün iştirak etdiyi 11 ədəbi teatr televiziyanın qızıl fondunda qorunub saxlanmaqdadır. Bunlar Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qocanın əsərlərindən ibarət olub.

İlk dediyi şeir Rüstəm Behrudinin "Vətən" şeiri olub. Əsəsən Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına müraciət edir. Şair Əjdər Olu ictimaiyyətə öz qiraəti ilə tanıdıb.

1990-cı ildən dövrü mətbuatda, Ağalar Bayramovun yaradıcılığı haqqında 100-dən çox məqalələr yazılıb. Bunlardan bəziləri bunlardır: Əlirza Xələfi: "Səsin üç rəngi", Məmməd Aslan: "Yurd həsrətinə od vuran bir səs", Ələmdar Quluzadə: "Səsin qüdrəti"

 

Filmoqrafiya

- Oyun (qısametrajlı bədii televiziya filmi) (rol)

- 72 km (film, 2014) (qısametrajlı bədii film) (rol)

- 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə)

- Tanrı işığı (film) (rol)

- Adın hikməti (film) (rol)

 

Ad və mükafatlar

- "İlin ciddi sənətcisi" nominasiyası üzrə mükafat və diplom

- "Respublikanın Əməkdar artisti" fəxri adı

- "Qızıl qılınc" mükafatı

- "Aşıq Ələsgər – 200" yubiley medalı

- Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.