İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün xalq artisti Miribrahim Həmzəyevin anadan olmasının 117-ci ildönümüdür. Maraqlı, örnək olası bir sənət yolu keçib bu aktyor. Gəlin vərəqləyək.
Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində tanınan mömin ailədə anadan olub. 1916-cı ildə Gəncədəki yeni tipli altısinifli məktəbə gedib. 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub və buradakı tamaşalarda müntəzəm çıxış edib. 1920–1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib və bu zaman dram dərnəyindən ayrılmayıb. 1921–1925-ci illərəd Gəncə Pedaqoji Texnikumunda oxuyub.
Həm burada, həm də şəhərdəki bir neçə dram dərnəyinin tamaşalarında oynayıb. 1925–1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib. 1930-cu ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirib. O, Teatr Məktəbində təhsil alarkən paralel olaraq dram dərnəklərində çıxış edib.
Tətillərdə tamaşalar hazırlayaraq özü də rollar oynayıb. Ona 21 avqust 1931-ci ildə Hüseyn Ərəblinski adına dram dərnəyində 11 il fasiləsiz çalışdığına görə həmkarlar təşkilatı və dərnəyin kollektivi tərəfindən qızıl medalyon da hədiyyə edilib. Onun yaradıcılığı təcəssüm etdirən sənədlərdə aktyorun adı, əsasən, İbrahim kimi verilib. İbrahim Həmzəyev 1932-ci il fevralın 8-də Bakı Türk İşçi Teatrının yardım heyətinə götürülüb.
Teatr Gəncəyə köçdükdən sonra, 21 mart 1933-cü ildə Gəncə Türk İşçi Teatrının (sonralar Gəncə Dövlət Dram Teatrı) aktyor truppasına daxil olub. 1936-cı ilin mayın 20-də Tiflis Dövlət Türk Dram Teatrına birinci kateqoriya aktyor ştatına qəbil olunan Miribrahim Həmzəyev həmin ilin 15 sentyabrında Tiflisdən qayıdaraq yenidən Gəncə Dövlət Dram Teatrının truppasına qəbul edilib. 1 il sonra, 26 sentyabr 1937-ci ildə ərizə yazaraq işdən çıxıb və 19 oktyabr 1937-ci ildə Naxçıvan teatrının truppasına aktyor götürülüb.
Teatr səhnəsində oynadığı rollar
Faciəvi-psixoloji sevgili və dramatik qəhrəman rolları
- Arif, Şeyx Sənan ("İblis" və "Şeyx Sənan", Hüseyn Cavid)
- Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm)
- Babək ("Babək", Osman Sarıvəlli)
- Çingiz ("Eşq və intiqam", Süleyman Sani Axundov)
- Yaşar, Elxan, Oqtay, Balaş, Aydın, Bəhram ("Yaşar", "Od gəlini", "Oqtay *Eloğlu", "Sevil", "Aydın" və "Solğun çiçəklər", Cəfər Cabbarlı)
- Nadir şah ("Nadir şah", Nəriman Nərimanov)
- Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov)
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
- Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil)
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 iyun 1965
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Qırmızı əmək bayrağı" ordeni — 25 dekabr 1978
- "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946
Naxçıvan teatrında səhnəyə qoyduğu tamaşalar
- "Od gəlini", "Oqtay Eloğlu", "Nəsrəddin şah", "Solğun çiçəklər", "Yaşar" (Cəfər Cabbarlı)
- "Hacı Qəmbər" Nəcəf bəy Vəzirov
- "Ölülər" Cəlil Məmmədquluzadə
- "İki ananin bir oğlu", "Canlı heykəl" Süleyman Rəşidi
- "Səyavuş" Hüseyn Cavid
- "Nadir şah" Nəriman Nərimanov
İbrahim Həmzəyev 4 fevral 1982-ci ildə Bakıda vəfat edib. 6 fevral 1982-ci ildə Naxçıvanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


