Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
“Nabat” filmi 2014-cü ildə Venesiya film festivalının “üfüqlər (horizonts)” bölməsində nümayiş olunub. Filmin rejissoru Elçin Musaoğludur. Elçin Musaoğlu “Nabat”dan əvvəl “Qırxıncı qapı” bədii filmini çəkib və bundan əlavə bir çox qısa və sənədli filmlərin müəllifidir.
“Nabat” filmi bir kənddə yaşayan qoca ər-arvadın hekayəsidir. Daha doğrusu, qoca bir qadın həm xəstə ərinə baxmalı, həmdə kəndi qorumalıdır. Film 1-ci Qarabağ müharibəsinə aid olduğu üçün xüsusi diqqət çəkir. Filmi Azərbaycan kinosunda xüsusi yerə qoyan məqamlardan biri isə minimalist kinonun elementlərindən istifadə edilməsidir. Bu məqamda isə oxucularımıza minimalist kino anlayışından bəhs etmək istəyirəm. Minimalizm 2-ci dünya müharibəsindən sonra ortaya çıxan bir cərəyandır. Əvvəlcə bu cərəyan arxitektura və rəsm kimi incəsənət növlərində ortaya çıxmışdır. Daha sonra isə kinoda da özünü göstərmişdir. Minimalist kinonun ilk prototipləri Robert Bressonun ekranlaşdırdığı filmlərdir. Onun çəkdiyi filmlərdə real həyatı yaxalamağa, dəbdəbədən uzaq durmağa çalışırdı. Minimalizm ortaya çıxandan sonra isə Robert Bressonun filmləri mayaq rolunu oynadı və bir çox rejissorlar onun filmlərindən təsirləndilər.
Minimalist kinonun üstün cəhətlərindən biri budur ki, kiçik bir büdcə ilə filmlər çəkmək olur. Düzdür, bu cür filmlər çəkən rejissorlar olsa belə, bəziləri sırf özünü ifadə forması olaraq minimalizmi seçmişdir. Onlardan yəqin ki, ən məhşuru İranlı rejissor Abbas Kiarostamidir. “Nabat” filmində də sözügedən rejissorların təsiri mütləq şəkildə hiss olunur. Nabatı ilk kadrlardan etibarən tanımağa başlayırıq. Onunla birlikdə addımlayır, onu sanki müşahidə edirik. Film boyu obrazın müşahidə edilməsi, obyektiv reallıq kimi göstərilməsinin təməli məhz burada atılır. Obyektivlik minimalist filmlərdə də qarşımıza çıxan əsas məsələdir. Burada reallığı kənardan müşahidə edərək bizə çatdırmağa çalışırlar. Film irəlilədikcə Nabatı tanımağa onun hekayəsini dərindən öyrənməyə başlayırıq. Filmin əvvəlində məlum olur ki, Nabat öz oğlunu müharibədə itirib və ondan geriyə olan-qalan bir şəkli belə yoxdur, həmin şəkli axtarmaqla məşğuldur. Digər tərəfdə isə müharibənin təsiri ilə insanların kəndi bir-bir tərk etdiyini görürük.
Kinonun əvvəlində müəyyən dialoqlar olsa belə dəqiqələr irəlilədikcə sanki kino dilsizləşir. Minimalist filmlərdə də biz dialoqun az olduğunun dəfələrlə şahidi olmuşuq. Lakin bu dəfəki filmdə vəziyyət biraz daha fərqlidir. İnsanlar getdikcə kəndi tərk etdiyi üçün danışacaq, dərdini bölüşəcək heç kim qalmır. Danışacaq biridə olmayınca kimlə danışmaq olar ki?! Dialoqun azlığı hekayənin getdikcə səssizləşməsinə və dilsizləşməsinə gətirib çıxarsada Elçin Musaoğlu bunada çox maraqlı bir həll yolu tapmışdır. Burada əşyalardan elə istifadə edilir ki, sanki əşyalarda vizual informasiya daşıyıcısına çevrilir. Bu əşyalar vasitəsilə biz filmin tempinin itmədiyini görürük. Rejissor əşyalara, heyvanlara, təbiətə elə bir rollar yükləyir ki, bu rollar sayəsində sanki əşyalarda dil açıb danışır. Bu əşyalar sayəsində biz insanların necə, hansı şəraitdə yaşadığını, hansı peşələrlə məşğul olduqlarını görürük. İşin maraqlı tərəfi bundadır ki, minimalist filmlərdə də dəbdəbəli dekorlardan, bir çox rekvizitlərdən uzaq durmağa çalışırlar. Bu yolla onlar hekayəni sadələşdirir, yalınlaşdırırlar. Elçin Musaoğluda bunu “Nabat” filmində yetərincə bacarır. Burada olan hər bir əşyanın, hər bir elementin özünəxas vacibliyi, özünəxas bir informativliyi var. Əşyalardan istifadə edilərək qurulan drammaturji xətt filmi irəli aparır. Digər tərəfdən isə aktyorlardan istifadə şəkli təqdirə layiqdir. Minimalist filmlərdə olduğu kimi burada da mimika istifadəsindən, aktyor qabiliyyətinin sərgilənməsindən uzaq dayanılır. Filmin daxili tempidə çox maraqlı şəkildə öz həllini tapır. Filmin bir məqamında görürük ki, qabda südü bişirmək üçün qoyublar və getdikcə biz süd qabına doğru yaxınlaşırıq. Yaxınlaşdıqca isə onun artıq bişdiyini qaynamağa yaxın olduğunu görürük. Lakin elə bu anda Nabat qazın altını söndürür və sanki hər şeyə nəzarət etdiyini göstərir. Bir yandan izləyici südün daşacağına dair narahatlıq keçirərkən, digər yandan Nabatın bir hərəkəti ilə sakitləşir. Nabat film boyu kəndə də nəzarət etməyi bacarır. Film kamera istifadəsinə və montaj həllinə görə də minimalist filmə bənzəyir. Biz burada eyni minimalist filmlərdə olduğu kimi Nabatın kəsintisiz, geniş planlarla gəzintisini görürük. Onunla birlikdə gəzir, onunla birlikdə addımlayırıq. Nabatın kənd daxilində gəzintisi izləyiciyə kəsintisiz şəkildə nümayiş etdirilir. Lakin həmin kadrlar müxtəlif vasitələrlə doldurulur. Bu vasitələrə baxarkən, diqqət edərkən izləyici sıxılmır, əksinə filmdən yeni mənalar çıxartmağa və yaratmağa başlayır. Məsələn, filmin başlanğıcında Nabatın gəzintisi zamanı xurma ağacları üzərində meyvələr görülür. Filmin ortasına çatdıqda isə həmin ağaclar yenidən göstərildiyi zaman meyvələrin yerə tökdüldüyü görülür. Rejissor bir kadrla göstərməyə çalışır ki, artıq kənd tərk edilib və burda heç kim yaşamır, burada meyvəni yığacaq adam da yoxdur.
Film boyu heçdə həmişə geniş planlardan istifadə edilmir. Bəzən yaxın plana keçid edilir, xüsusilə əşyalara, heyvanlara edilən bu yaxın planlarla rejissor izləyicini filmi yenidən mənalandırmağa dəvət edir. Bu yolla rejissor izləyicini göstərilənlə, göstərilmək istənilən arasında əlaqə qurmağa dəvət edir. Qoşquya bağlanmış inəyin addımlaması bütün çətinliklərə baxmayaraq yoluna davam etməsi, islanmış xalçanın ölgünlüyü obrazla eyniləşir. Təbiətin bir parçası olan inəyin hiss etdikləri, yaşadıqları obrazında hiss etdiklərinə çevrilir. Bütün çətinliklərə rəğmən Nabat addımlayır, addımlayır, addımlayır... Minimalist filmlərdə simvolizm xüsusi yer tutur. Az şeylə çox məna yaratmaq istəyi rejissorların özünü ifadə formasına çevrilir. Təsadüfi deyil ki, “Nabat” filminində ən güclü simvolizmi adicə bir lampa ilə qurulur. Tərk edilən kənddəki evləri diri göstərmək üçün bir-bir lampaları yandırır və bu evlərdə həyatın olduğunu xatırlatmağa çalışır. İşığın zülmətə, qaranlığa qarşı olan mübarizəsində Nabat öz yerini tərk etmir. Nə baş versə belə o öz evini, kəndini qoyub getmir. Bu lampalar sonralar hər birimizin içində bir ümid işığına çevrilir və çevriləcəkdir. Hərşeyini itirsə belə öz yaşadığı yeri, sevdiyi məkanı tərk etməmək istəyi ekranda bu cür həllini tapır. Ümumilikdə, “Nabat” filmi vizual baxımdan Azərbaycan Kinosunda məxsusi yerə malikdir. Elçin Musaoğlu bu filmdə müəllif kinosunu yaratmağı bacarır. O öz dilini, öz estetikasını quraraq öz dünyasını izləyiciyə çatdırır.
Filmdə müsbətlər olduğu kimi mənfilərdə var. Çe Gevaranın şəklinin oğlunun şəklinin yerinə keçməsi, canavarın qarşımıza çıxması ümumi harmoniyanı pozur. Filmin sonunda Nabatın sanki ölümü gözləyirmişcəsinə oturması əslində isə kəndin xilas olması filmi müsbət sonluğa bağlayır. Səbrli olan, dözən hər bir kəs sonda qələbə ilə mükafatlandırılır anlayışı tamaşaçıya ötürülür.
Onu da qeyd edim ki, Elçin Musaoğlu yeni filminin çəkilişlərinə başlayıb. Bu cür mükəmməl əl işləri olan bir mədəniyyət işçisinin bu qədər az tanınması bir tamaşaçı olaraq hər birimizi dərindən sarsıdır.
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


