O, beynəlmiləl ruhlu “Bəxtiyar” filmini milli edə bilib Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sən debütünü elə bir filmlə et ki, bununla da kinoda öz möhürünü vur!

Bu şəxs bu gün anım gününü qeyd etdiyimiz rejissor Lətif Səfərovdur.

 

Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928–1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.

1955-ci ildə ona "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkmək həvalə olunub. Bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınıb. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edib. Rəşid Behbudovun "Arşın mal alan" filmindəki uğuru onun özünü də kinoya bağlayıb. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş olub

"Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra "Koroğlu" filmini lentə almağa başlayıb. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılıb. Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngi ilə intihar edib. Azərbaycan Dövlət Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılıb.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960

2. "Şərəf nişanı" ordeni — 9 iyun 1959

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.