İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Müharibədə fotokamerayla döyüş yoldaşlarını bolluca çək, sonradan bu çəkdiklərin filmə çevrilsin...
Teyyub Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlib. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq Cəfər Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılıb. Sənətə meyilli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilib. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərib.
Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alıb. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedib. Ukrayna cəbhəsində vuruşub, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edib. İki dəfə yaralanaraq hospitala düşüb. Qələbə xəbərini Vyanada eşidib.
Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alıb, özü də bilmədən müharibənin salnaməsini yaradıb. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilib.
Kinorejissorlar tarixi-bioqrafik ("Mahnı belə yaranır"), detektiv ("Onu bağışlamaq olarmı?"), tarixi-inqilabi ("Qatır Məmməd"), hərbi-vətənpərvərlik ("Dağlarda döyüş"), lirik-psixoloji ("Tütək səsi", "Şərikli çörək") və başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə ediblər.
İstedadlı kinooperator 1954-cü ildə Yan Frid və Hüseyn Seyidzadənin çəkdiyi "Doğma xalqıma" adlı ekran əsərinin operatorlarından biri olub. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi olub. O, filmdə tanınmış operatorlar Ə. Atakişiyev və X. Babayevlə birlikdə çalışıb. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T. Tağızadənin "Görüş" filmində (C. Məmmədovla birgə) çalışıb.
Teyyub Axundov xatirələrində yazıb: "Çəkdiyim filmlər içərisində "Onu bağışlamaq olarmı?" və "Birisigün gecəyarısı" filmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən də bundan gen-bol istifadə etdim".
Filmoqrafiya
1. 20+1
2. Alman klinikasına şəxsi səfər
3. Ankilostomidoz
4. Azərbaycan aşıqları
5. Azərbaycanın subtropiklərində
6. Bağçada rahat yer
7. Bir nömrəli...
Teyyub müəllim xronika sahəsində də uzun illər çalışıb, operator kimi "Sülh uğrunda mübarizə", "Onun 150 yaşı var", "Çağırışa cavab", "Azərbaycan subtropiklərində", rejissor-operator kimi "Gənc metallurqlar", "Mən Xəzər dənizçisiyəm", "Şirvan qoruğu", rejissor kimi "Mikayıl Müşfiq", "Bizim qayğılarımız" və s. sənədli filmləri çəkib.
Teyyub Axundov 1991-ci il dekabrın 3-də, 71 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


