Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Konstitusiya və Suverenlik İli" qrant müsabiqəsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış qəhrəmanların həyat hekayələrinə əsaslanan, müəllifləri Leyla Bəyim və Efim Abramov olan “Yarımçıq Qalmış” tamaşasının Azərbaycan İncəsənət Məktəbinin dəstəyi ilə hazırlanmasına başlanılıb. Layihənin rəhbəri Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov, quruluşçu rejissoru isə Yaqut Bədəlovadır.
“Ədəbiyyat və incəsənət” portalına İncəsənət Məktəbindən verilən məlumata görə,layihə ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli”nin keçirilməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamından irəli gəlir. Layihənin məqsədi gənclər arasında Azərbaycan dövlətçiliyinin əsaslarını, konstitusion dəyərləri və suverenlik anlayışını daha geniş təbliğ etməkdir. Bununla yanaşı, gənc nəslin milli kimlik, vətənpərvərlik və dövlətçilik prinsipləri barədə məlumatlılığının artırılması nəzərdə tutulur.
Layihə çərçivəsində gənclərin konstitusion norma və prinsiplərə, dövlətçilik tarixi və suverenlik anlayışının kompleks aspektlərinə dair nəzəri biliklərinin həm dərinləşdirilməsi, həm də praktiki tətbiq imkanlarının əhatəli şəkildə təqdim olunması məqsədilə strukturlaşdırılmış, çoxşaxəli və sistemli hazırlıq proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində layihə rəhbəri Fərid Bağırov tərəfindən gənclər üçün maarifləndirici görüşlər, ustad dərsləri və praktik məşğələlər təşkil olunacaq. Bu fəaliyyətlər gənclərin yaradıcı düşüncəsinin, səhnə mədəniyyətinin və mövzu ilə bağlı məlumatlılığının artırılmasına xidmət edəcək.
Eyni zamanda, seçilmiş istedadlı gənclərlə birlikdə “Yarımçıq Qalmış” tamaşası hazırlanacaq. Bu tədbirin əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətçilik dəyərlərinin gənclər arasında daha geniş təbliğini təmin etməkdir.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Foundu tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibidir.
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


