Bizim kino - "Bir Ailə" Featured

 

Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»

 

1943-cü ildə "Bakı kinostudiyası"nda istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir. Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar.

 

Operatorlar Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, rəssam Mirzə Rəfiyevin də daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlmişdir. Ekran işi Qara Qarayevin kinoda bəstəkar, Mirzə Babayevin isə aktyor-müğənni kimi ilk işi olub.

Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir. Burada duz-çörəkli Bakıdan, onun faşizm üzərində qələbə üçün hər şeyini qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilib. Ssenari müharibədə olan azərbaycanlı tankçı Nacarın bir günlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə Xosrov Məlikov ifa edib.

Görkəmli yazıçı və dramaturq  Mir Cəlal Paşayevin yazdığı ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyü qabardılmışdı. Müəllif öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus və sair millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edib.  Onu da qeyd edim ki, "Bir ailə" filmi Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.