Çox qısa ömür sürdü, həm də çox mənalı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İki bir-biri ilə uzlaşmayan sənət – idman və kinonu özündə birləşdirən Sadiq Həsənov olduqca unikal bir insan olub. “Olub” ona görə deyirəm ki, indi aramızda yoxdur və çox qısa, bir göz qırpımı həyat sürüb.

 

Sadiq həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərib. Bölgənin ən nüfuzlu ingilis dili müəllimlərindən olan anası Afət xanım onun ilk müəllimi olub. Kiçik yaşlarından idmanla ciddi məşğul olub. Ali təhsilinin bakalavr pilləsini Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində alıb, 2007-ci ildə həmin universiteti bitirib.

2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvü olub. Uzun illər idmanın döyüş növləri — Tayboks və Uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu və mükafatçısı olub. 2010 və 2015-ci illərdə Uşu üzrə Azərbaycan Respublika Çempionatının qalibi olub. 2016–2019-cu illərdə isə Çin Xalq Respublikasında Azərbaycanı bir neçə idman növlərində layiqincə təmsil edib. Azərbaycan Uşu Federasiyasının idmançısı kimi təhsilini davam etdirib, Çinin Pekin İdman Universitetində doktoranturada oxuyub.

O təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018-ci ildə məzun olub. Çində təhsil almağa müsabiqə yolu ilə seçilib və oraya dövlət xətti ilə göndərilib. Çində idman təhsili ilə yanaşı həm də çin dilinin dərinliklərini və dialektlərini öyrənə bilib, təhsilini də dünyada ən çətin dil sayılan çin dilində alıb. Ümumiyyətlə o, dörddən artıq xarici dil bilib.

Ömrünün son 8 ilini Çinin müxtəlif şəhərlərində yaşayıb, təhsil alıb. Azərbaycan səfirliyinin Pekində və başqa şəhərlərdə keçirilən tədbirlərdə fəal iştirak edib. O, təhsil aldığı universitetlərin elm, idman, sosial həyatında fəal iştirak edib.

İdmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda body-fitnesslə də məşğul olub, yarışlarda çıxış edib. Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olub, dəfələrlə birincilik qazanıb. Daha sonra Pekində keçirilən "Beijing Students Fitness Model contest" yarışmasının qalibi olub və "Ən istedadlı yarışçı" adına layiq görülüb.

Professional idmançı kimi Çində rəsmi kanalların kino çəkilişlərinə dəvət alıb. Sonralar onlarla filmlərə çəkilib. Filmləri də üç dildə (çin, ingilis və rus) özü səsləndirib. Çinin dövlət TV kanallarına və filmlərinə dəvət alıb çəkillən ilk azərbaycanlı gənc aktyor olub.

Sadıq Həsənov ömrünün son aylarında qəfil xəstələnib, Pekin şəhərində müalicə olunsa da, ailəsinin xahişi və Azərbaycan dövlətinin dəstəyi ilə Bakıya gətirilib, 2021-ci ilin 18 sentybrında 36 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.