İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” prtalının Sumqayıt təmsilçisi
Sentyabrın 18-də Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 140-cı il dönümüdür. Xalqımız bu günü böyük ehtiramla qeyd edir. Çünki milli musiqimizin bugünkü yüksəlişi, onun zənginliyinin dünyaya tanıdılması ilk növbədə Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
1995-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il respublikamızın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və on gün davam edir.
Onu da vurğulamaq lazımdır ki, Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət üç yüzdən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
Muğam - qəlbin səsi, ruhun dili
Azərbaycan musiqisinin tacı sayılan muğam, təkcə səs və söz birliyi deyil, bir millətin mənəvi güzgüsüdür, ruhunun ən dərin qatlarına enən sirli bir səs yoludur. Muğam sənətinin qorunub inkişaf etdirilməsində isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır.
Onun rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.
Milli musiqimizin, xüsusilə muğam sənətinin inkişafına töhfə verənlər arasında Firudin İldır oğlu Ağayevin özünəməxsus yeri vardır desək, yanılmarıq. O, ecazkar səsi və dərin ifaçılığı ilə təkcə səhnələrin yox, qəlblərin də fəthini bacarıb.
Bəli, 18 Sentyabr - Milli Musiqi Günü təkcə bir tarix deyil, xalqın ruhunu yaşadan, onun musiqisi ilə olan mənəvi birliyini təcəssüm etdirən bir gündür. Bu gün biz Üzeyir bəyi anmaqla bərabər, onun qoyduğu yolun davamçılarından, musiqi fədailərindən Firudin müəllimin timsalında söz açmaq qərarına gəldik.
1962-ci ildə Lerik rayonunun gözəl təbiətli Sors kəndində dünyaya gələn Firudin Ağayev 1979-cu ildə orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanır. Elə burada ilk dəfə muğam ifası ilə birinciliyə layiq görülür. Bu, onun səhnə yolunun ilk addımları idi.
1983-1990-cı illərdə Lerik rayon Mədəniyyət evində fəaliyyət göstərən sənətkar Yardımlıda konsert proqramı ilə sənətsevərlər qarşısına çıxır. Səhnədə onun səsinə valeh olan dinləyicilər “Sona bülbüllər” xalq mahnısını yenidən ifa etməsini istəyirdilər. Bu, sadəcə mahnını dinləmək deyildi, bir ruhun çağırışı idi.
1990-cı ildən taleyini Sumqayıtla bağlayan xanəndə şəhər tədbirlərinə dəvət alır. “Çahargah”, “Rast”, “Bayatı-Şiraz”, “Segah”, “Heyratı”, “Qarabağ şikəstəsi” kimi muğamları ustalıqla ifa edir. Onun səsini eşidən sənətkarlardan Qədir Rüstəmov, Ağaxan Ağayev, Arif Babayev heyranlıqlarını gizlətməmiş, onun sənətini yüksək qiymətləndirmişlər.
Sənət yolunda Firudin Ağayev müxtəlif festivallarda uğurlar əldə etmişdir. Belə ki, Sumqayıtda keçirilmiş “Ruh səndə, inam səndə, güc səndə” devizi ilə təşkil olunmuş festivalda birinci yerə, Cabbar Qaryağdı adına muğam festivalında ikinci yerə, Türkiyədə Atatürkün 75 illiyinə həsr olunmuş mədəniyyət tədbirində iştirakına görə diploma layiq görülmüşdür.
Bundan əlavə, o, MDB ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının dəstəyi ilə hazırlanan konsertlərdə milli musiqimizi layiqincə təmsil etmişdir. Xüsusilə ordumuzun əsgərləri üçün təşkil olunan konsert proqramları maraqla qarşılanmışdı.
Hazırda Əhməd Bakıxanov adına 1 saylı Uşaq İncəsənət Məktəbində müəllim kimi fəaliyyət göstərən Firudin müəllim, artıq otuz ildir ki, xanəndəlik sənətinin sirlərini gənc nəsillə bölüşür. Onun yetişdirdiyi tələbələr bu gün respublikanın tanınmış müğənniləri sırasında yer alır.
Bu gün də öz sənət yolunu inamla davam etdirən xanəndə, zəngin ifa üslubu və milli musiqiyə olan dərin sevgisi ilə dinləyicilərin qəlbini fəth etməkdədir. Onun fəaliyyəti gənc nəsil ifaçılar üçün dəyərli örnək olmaqla yanaşı, muğam sənətimizin yaşadılması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2025)