İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Təqvimdə bu gün doğulan aktyorlar arasında bir ad da var: Səyavuş Hüseynli. Kifayət qədər tanınmış bir şəxsdir. Mədəniyyətimizə xeyli töhfələr vermiş “SOY production" şirkətinin qurucularından biridir. Onu televiziyadakı çox populyar layihələrin aparıcısı kimi də tanıyırıq.
O, 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatr və kino aktyorluğu" fakultasinə daxil olub, 1992-ci ildə universiteti bitirib.
1993–1996-cı illərdə hərbi xidmətdə olub. İlk sənət müəllimi görkəmli teatr rejissoru Nəsir Sadıqzadə olub.
Səyavuş Hüseynli 1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb. 1993–1994-cü ildə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim Teatr-Studiyasının əsasını qoyan ilk heyətin aktyoru olub.
Sənət müəllimlərindən biri olan Bəxtiyar Xanızadə ilə yaradıcı əməkdaşlıq universitet illərindən başlayıb. 1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edib. Bir sıra əyləncəli proqram və qısametrajlı televiziya filmlərinin yaranmasında aktyor və ssenarist kimi iştirak edib. Məşhur "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 mart" və s. qısametrajlı komediya filmlərində baş rolların ifaçısı və ssenari müəlliflərindən olub.
1996-cı ildə istehsal olunan, A. P. Çexovun hekayəsinin motivləri əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısıdır. 1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edib. Bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.
1998-ci il noyabrın 3-ü yaranan "SOY production" şirkətinin təsisçilərindən biri və bədii rəhbəridir. SOY şirkətini ilk layihəsi olan "Həftə Çal-çağırı" əyləncəli-informasiya proqramının aparıcısı və müəllifidir. Səyavuş Hüseynli bir çox reklam çarxlarının, irimiqyaslı tədbirlərin, yubileylərin rejissorudur.
Təltif və mükafatları
1. Humay
2. Qrand
3. Qızıl Pəri
Filmoqrafiya
- Kiçik leytenant
- Qırmızı xətt
- Sirr
- 3 bacı
- Qaynanamız
- Bakı binaları
- Neft daşları
- Təhlükəli nikah
- Təriqət toru
- Narkomaniya
Televiziya fəaliyyəti
Quruluşçu rejissor, ideya müəllifi və rəhbəri olduğu televiziya layihələri:
İşdən sonra
Həftə Çal-Çağırı
Qırmızı xətt
Zarafatyana
Çal-Çağır
Çal-Çağır şou
Yeni ulduz
Xalq ulduzu
Burda və indi
“Ədəbiyyat və incəsənət”
(02.09.2025)