İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində Azərbaycan kinematoqrafiyası şedevr filmlər yaradıbdır, bu filmlərin bir neçəsini məhz gözəl Azərbaycan SSR xalq artisti Məhluqə Sadıqova öz rolları ilə gözəlləşdiribdir.
Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.
Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.
Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanan tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.
Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev) və s.rolları ifa edib.
Filmoqrafiya
1. Afaqın məhəbbəti
2. Bakıda küləklər əsir
3. Əgər bir yerdəyiksə
4. İşarəni dənizdən gözləyin
5. Mücrü
6. Onun bəlalı sevgisi
7. Sehrlənmiş küpə
8. Yeddi oğul istərəm...
9. Yenilməz batalyon
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib. 19 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb. 17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın 100 illik yubileyi qeyd olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.08.2025)