İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ömrünü teatrımızın inkişafına həsr edən bir aktyor yaşayıb - Azərbaycan Respublikasının xalq artisti Vaqif Əliyev. Bu gün onun anım günüdür və onu xatırlatmaq bizim boynumua düşür.
Vaqif Əliyev 31 iyul 1940-cı ildə Bakıda anadan olub. 199 saylı orta məktəbdə təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962-ci ildə M. Ə. Əliyev adına Teatr institutuna daxil olub.
Oradan əsgərliyə xidmətə çağırılıb, sonra təhsilini davam etdirib. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100 — dən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 1990-cı ildə ona "Əməkdar artist" fəxri adı verilib.
2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Əməkdar artist Vaqif Əliyev N. Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C. Cabbarlının "Dönüş"ündə- Şövqi- Sapand, C. Məmmədquluzadənin "Ölülər"ində Məşədi Oruc, Ə. Nesinin "Tənha qadınlar"ında- Qazabaxan, A. Babayevin "Oğul"unda- Qəzənfər, A. Məmmədovun "Dəli Domrul"unda-Ata, N. Hikmətin "Damokl qılıncı"nda- Kar, R. İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ndə- Seyidağa, S. Rəşidinin "Mənim Ərdəbilim"ndə- Əmir, Ə. Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ndə Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"nda- Rus Zabiti, A. Qurbaninin "Türk sancağı"nda- Ağsaqqal, H. Cavidin "İblis"ində- Xaxam rollarını məharətlə yaradıb və tamaşaçıların hüsni-rəğbətini qazanıb.
Sənətkarın gərgin əməyi 2002-ci ildə dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilib.
Filmoqrafiya
1. Ağ atlı oğlan
2. Yük
3. Biz qayıdacağıq
4. Sovqat
Aktyor 13 avqust 2021-ci ildə 81 yaşında ürək xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.08.2025)