İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın ən məşhur kişi diktoru olan Rafiq Hüseynovdan sonra ən məşhur kişi diktor məhz o olub – adaşı Rafiq Həşimov.
Azərbaycan əməkdar artisti Rafiq Həşimov 1966-cı ilin 11 avqustunda anadan olub. Bu gün 59-nu qeyd edir. Azərbaycan Televiziyasında sədr müavini kürsüsündə.
Rafiq Həşimov 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirib. Sovet ordusunda xidmət edib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlayıb. Sonradan videooperator, montajçı işləyib. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1990-cı ildən diktor kimi fəaliyyət göstərib.
Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olub. "Space", "Lider" və "Xəzər" telekanallarında aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olub, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib.
Hekayələri və esseləri, eləcə də dünya ədəbiyyatı klassiklərindən, o cümlədən Nobel mükafatı laureatları Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxesdən Azərbaycan dilinə etdiyi tərcümələr ölkənin jurnal və qəzetlərində və xaricdə çap olunub. Ssenariləri əsasında bir çox bədii-sənədli filmlər çəkilib.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunan "Yarımçıq gündəlik" bədii-sənədli filmini, 2013-cü ildə isə görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadədən bəhs edən "Səttarın Azərbaycanı" sənədli filmini çəkib.
Silsilə olaraq "XX əsr" adlı kulturoloji müəllif proqramının müəllifi və aparıcısı kimi Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinə həsr olunan filmlər və verilişlər hazırlayıb.
2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına və 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Filmoqrafiya
- Valın üçüncü üzü
- Qum dənəsi
- Səyyahın gündəliyi
- Magister dixit
- Günəş və bulud
- Gözümün işığı
Hekayələr
1. Yuva
2. Bir saat
3. Allahdan qorxurdu
4. Körpü
5. Qaraböcək
Esselər
- Kitab
- Söz
- Tarix
- Uşaqlar
- Zəhraya
Tərcümələr
- Herman Hesse. Dünya tarixi
- Herman Hesse. Sığınacaq
- Xorxe Luis Borxes. Kitab
- Çeslav Miloş. Yol kənarındakı itciyəz
Təbriklər, dəyərli Rafiq bəy!
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)