Teatrın və kinonun MEHRİBAN ƏLƏKBƏRZADƏSİ Featured

 

Gənclik şəhəri Sumqayıtın bir adı da var – istedadlar şəhəri. Buradan bir çox məşhur dövlət xadimi, elm və təhsil qabaqcılı, mədəniyyət ünlüsü, ordu rəhbəri çıxıbdır. Bu gün onlardan birinin - televiziya, teatr və kino rejissoru Mehriban Ələkbərzadənin doğum günüdür. Mehriban Ələkbərzadə Azərbaycan Milli Dram Teatrının baş rejissoru, bədii rəhbəridir.

 

Mehriban xanım 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulsa da uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə - 8-ci mikrorayona köçüb və o, buradakı 17 saylı orta məktəbdə oxuyub, məktəbi 1982-ci ildə bitirib.

Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas təhsilini rejissor Mehdi Məmmədovun və Elmira Şabanovanın kursunda alıb. Hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Vilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1988-ci il iyunun 11-də diplom müdafiəsi kimi Akademik Milli Dram Teatrının Kiçik səhnəsində J.P.Sartrın "Dəfn edilməmiş ölülər" tamaşasını hazırlayıb. 1988-ci ildə təhsilini başa vuraraq təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz", Bəxtiyar Vahabzadənin "Yağışdan sonra", Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990) pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib.

 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən həmin teatrın quruluşçu rejissoru olub. Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb. Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur.

 Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib. AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017–2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022–2023-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. 2023-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyin edilib.

 

Tamaşaya qoyduğu əsərlər

- Akademik Milli Dram Teatrı

1. Dəfn edilməmiş ölülər

2. İnsan səsi

3. Min illərin işığı

4. Müəmmalı bir qətlin üç versiyası

5. Poçt şöbəsində xəyal

 

- Lənkəran Dövlət Dram Teatrı

1. Sənsiz

2. Yağışdan sonra

3. Çarəsiz sərnişinlər

 

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

1. Nuri-Didə Ceyhun

 

- Azərbaycan Dövlət Yuğ Teatrı

1. Müəmmalı bir qətl

2. Mənəm…mən

 

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. Cəza

2. Kod adı: VXA

 

Filmoqrafiya

- Dəfn edilməmiş ölülər

- İnsan səs

- Güzgü

- Yaşa, ey haqq

- İnsan-Fövqəlinsan

- Aporiya

- Gecən xeyrə qalsın, ana

- Cəza

- Qırmızı terror və ya Mircəfər Bağırov

- Ömrün sarı rəngi

- Azərbaycan naminə!

- İflas

 

2024-cü ildə Mehriban xanım mədəniyyət sahəsində göstərdiyi müstəsna xidmətlərinə görə Dövlət mükafatına layiq görülüb.

Xeyirli illər!

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.