İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əsl Azərbaycan kişisinin tipik nümunəsi - Azərbaycan SSR xalq artisti Məmmədrza Şeyxzamanovu bax bu cür səciyyələndirirdilər. Ötən əsrin əvvəllərində dünyaya gələn bu şəxs tarixin ən təbəllüatlı, qarışıq, kəşməkeşli illərində - kinomuzun və teatrımızın quruculuğunun başlanğıc dönəmində yaşayıb, mədəniyyətimiz tarixinə töhfələr verib.
Görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olub. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" olub. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib.
İlk dəfə Ə. Həmidin "Hind qızı" tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.
1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayıb. Və elə o vaxtdan etibarən də sənət yolundakı "yaşıl işığı" daha da gur yanmağa başlayıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib.
Böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. "Bəxtiyar" filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılıb. Daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə "Qızmar günəş altında"da Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradıb.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində — "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edib. "Əhməd haradadır" filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edib. O zaman ekranlaşdırılması üçün kinostudiyanın "papka"sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun "Əhməd haradadır" xoşuna gəlib və ona kino çəkməyi qərara alıb.
Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçib. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınan sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov kimi gənc aktyorları da çəkib. O zaman Azərbaycanın kino tarixində ilk dəfə olaraq 5 aktyoru təyinatla kinostudiyaya göndəriblər. Onları — Xamis Muradov, Elxan Qasımov, Tofiq Məmmədov, Əbdül Mahmudbəyov və Fikrət Əliyevi "Adil İsgəndərovun beşliyi" adlandırırdılar.
Rejissorun təşəbbüsü ilə bu beşlik filmdə epizodik rollarda, kütləvi səhnələrdə iştirak edib, rejissor, assisent köməkçisi kimi çalışıblar. Elxan Qasımov isə sürücü Əhməd obrazını yaradıb. Filmin çəkilişləri Bakıda, Gəncədə, Göy-göldə, Şamxorda və Hacıkənddə aparılıb. Bütün rəqs səhnələri və Bəşir Səfəroğlunun iştirak etdiyi kadrlar "Yaşıl teatr"da çəkilib. Əbdül Mahmudbəyov xatırlayır ki, filmdə Azərbaycanın azman sənətkarları ilə çiyin-çiyinə çalışdıqları üçün fəxr edib, onlardan sənətin sirlərini öyrənməyə can atıbdılar.
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradıb. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi "Tütək səsi" filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.
Gəncə Dövlət Dram Teatrında rolları
- Bədəl-"Hacı Qara"
- Brahma-"Hind qızı"
- Sergey bəy-"Namus"
- Naşatr-"Küləklər şəhəri"
- Turqut-"Od gəlini"
Akademik Milli Dram Teatrında rolları
1. Maksuel-"Dərin köklər"
2. Qoca Baxşı-"1905-ci ildə"
3. Şahbazov-"Göz həkimi"
4. Poliksen-"Qış nağılı"
5. Luicci Ferrero-"Uzaq Sahillərdə"
Filmoqrafiya
1. Arvadım mənim, uşaqlarım mənim
2. Bəxtiyar
3. Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov
4. Bir qalanın sirri
5. Birisigün, gecəyarısı...
6. Bizim Cəbiş müəllim
Məmmədrza Şeyxzamanov 1984-cü ilyanvarın 25-də 68 yaşındavəfatedib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)