İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
-Kino, ya teatr?
-Hər ikisi
-Keçmiş, ya gələcək?
-Zamanın hər anı
-Ürək, ya beyin?
-Bunlar ayrılmazdır
-Dəniz, ya dağ?
-Yer kürəsi
-Futbol, ya şahmat?
-Həm fiziki, həm də zehni idman
-Fellini, ya Bunuel?
-Rasim Ocaqovu da unutmayın!
-Birlikdə, yoxsa tənha?
-Təklik, tənhalıq mənim həyat obrazımdır,
İnsan tək gəlir bu həyata, tək də gedir.
Fəxrəddin Manafovla blits intervüdən
Bu gün Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.
O, 2 avqust 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayıb. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünüblər. 16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik kimi işə düzələn Fəxrəddin bir müddət sonra Almaniyaya hərbi xidmətə yola düşüb.
Hərbi xidmətdən qayıdıb sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib və 1975-1980-ci illərdə orada ali təhsil alıb. Tələbəlik illərində, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1980-ci ildə ali təhsilini başa vurub aktyorlar evindəki fəaliyyətini davam etdirib. Orada rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxır. Aktyor müsahibələrinin birində həmin illəri belə xatırlayır:
“İlk dəfə aktyor evinin foyesində səhnəyə çıxanda o dövrün böyük sənətkarları Mehdi Məmmədov, Şəmsi Bədəlbəylini orda gördüm. Onların hamısı bilirdi ki, mən orda işləyirəm. Ancaq birdən-birə Vaqifin quruluşunda hazırlanan “Ac həriflər” tamaşasında səhnəyə çıxdım. Orda bir neçə sözü olan rol ifa edirdim. Yadımda deyil, ya Mehdi müəllim, ya da Şəmsi müəllim dedi ki, Fəxrəddinə deyin, səhnədən çıxsın, tamaşa gedir. Onda ətrafdakılar onlara dedilər ki, o da tamaşada iştirak edir. Vaqif məni səhnəyə belə gətirdi”
Bir müddət sonra Fəxrəddin Manafov Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayıb. Beləliklə, 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. Ona ən çox uğur gətirən teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu olub. O vaxt İran səfiri həmin tamaşaya baxandan sonra deyib: “Fəxrəddin eyni ilə Şəhriyarın cavanlığıdır”.
1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərində iştirak edib. Aktyora ən böyük uğuru isə, “Ölsəm bağışla” və “Təhminə” filmlərindəki rolları gətirib.
Fəxrəddin Manafov gənclik illərində Tədris teatrında işləyən vaxt Vahidə adlı xanımla tanış olub. Vahidə xanım da həmin teatrda aktrisa kimi fəaliyyət göstərib. Sonradan məşhur diktora çevrilən Vahidə xanımla Fəxrəddin Manafov ailə həyatı qurublar. Onların heç bir zaman övladı olmayıb. Vahidə xanım dəfələrlə aktyora başqa qadınla evlənməyi təklif etsə də, Xalq artisti xanımının bu istəyini qətiyyətlə rədd edib. Bir-birlərinə böyük məhəbbəti olan cütlüyün bu sevgisi illərlə davam edib. Fəxrəddin Manafov xanımı haqqında müsahibələrinin birində deyib:
“Hər bir insanın bir neçə örtülü qapısı olur. Mənim bircə qapım var ki, o qapı Vahidəyə açılır. O qapını açıb nə istədiyimi deyə bilərəm. Təsəvvür et ki, qaranlıq bir guşədir, mən sadəcə başımı o guşəyə salıb bütün ağrımı, sevincimi, sirrimi, arzularımı həmin qaranlığa deyə bilirəm. Hərçənd ki, Vahidə onların hamısını bilir. Mən insani tərəfdən çox peşmanlıq çəkmişəm. Yəni elə şeylər vardı ki, eləməməliydim. Etmişəm, amma mövqeyim düz idi. Düzdür, Vahidə mənə deyir ki, sən düz etmisən, hətta insan kimi də, dost kimi də doğru etmisən. Amma mənim elədiyim bu günə kimi məni ağrıdır. Vahidə mənim sirli ensiklopediyam, kitabımdı. Onun haqqında həyatım, sevdiyim insan sözlərini demirəm. Bunu demək artıqdı. Çünki bunlar onsuz da belədi. O, çox böyük qadındı. Mənə çox böyük köməyi dəyib”
3 mart, 2021-ci ildə aktyorun həyat yoldaşı Vahidə Manafova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu itki Xalq artisti üçün ağır olub. O, müsahibələrinin birində deyib:
“Mənim ən yaxınım, böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi. Bu, həyat yoldaşım Vahidə xanım idi. Mən hər gün səhər gözümü açanda da, gecə yuxuda da, yatmazdan qabaq da bu ağrını yaşayıram. Fikirləşirəm ki, artıq qəribə bir ömür başlayıb həyatımda... Mən hətta ən yaxınlarıma, anama və atama belə demədiklərimi Vahidəyə deyirdim. Amma artıq bu gün bunları deyə biləcək kimsəm yoxdur”.
Filmoqrafiya
- Arzunu yarat
- Üzeyir ömrü
- Qaladan tapılan mücrü
- Qocalar, qocalar...
- Ömrün yolları
- Gəmi saatının sirri
- Köhnə bərə
- Tənha narın nağılı
- Əlvida, yaşıl yay
- İşarəni dənizdən gözləyin
- Qəm pəncərəsi
- Şəhərli biçinçilər
- Özgə ömür
- Meyl
- Doğma sahillər
- Son səhnə
- Birlikdə
- Azərbaycan Atabəyləri
- Təxribat
- Gecə qatarında qətl
- Qətldən yeddi gün sonra
-Təhminə
Fəxrəddin Manafov Azərbaycan SSR-nin əməkdar artisti, Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2025-ci ildə TÜRKSOY-un "Türk dünyasının ən yaxşı teatr aktyoru" nominasiyası üzrə mükafatına layiq görülüb. 2 may 2025-ci il tarixində Fəxrəddin Manafov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasına üzv təyin edilib.
“Ədəbiyyat və incəsənət”
(02.08.2025)