İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Avqust ölkəmizdə kino işçilərinin peşəkar bayramı kimi yadda qalır, bu aya doğum və vəfat tarixi düşən sənətkarlarımız az deyil.
Onlardan biri barədə danışacağam. Azərbaycanın teatr və kino aktrisası Zemfira Nəcəfova barədə.
O, 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub. 1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışıb.
30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Oynadığı obrazlara ruh verirdi, can verirdi.
Əyalətdəki tealtla Bakıdakı teatrı əsla bir tutmayın. Bunların arasında yerlə göy qədər fərq var. Əyalətdə tamaşaçılar səhnədəkilərin rol çıxartdıqlarını, artist olduqlarını əldə bayraq kimi tutub axıradək tamaşanı bu fikirlə izləyirlər. Bakıda isə tamaşaçı tamaşanın içinə girib bir həyat parçasına şahidlik etdiyini duyur.
Zemfira Nəcəfova lənkəranlılara teatrı sevdirən bir sənətçi kimi yaddaşlara həkk olunub.
Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar:
1. Ziba xanım və Pəri xanım, Təyyibə xanım (“Lənkəran xanının vəziri” və “Hacı Qara”, Mirzə Fətəli Axundzadə)
2. Bədircahan, Yetər, Mələk xanım (“Ağa Kərim xan Ərdəbili”, “Hacı Qəmbər” və “Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov)
3. Şərəf və İzzət (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə)
4. Gülpəri, Qızxanım (“Qaraca qız” və “Qoç Polad”, Abdulla Şaiq)
5. Fərmanın anası, Mehri xanım (“Xortdanın cəhənnəm məktubları” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev)
6. Ana (“Ana”, Hüseyn Cavid)
7. Nadya (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı)
8. Qarı (“Vaqif”, Səməd Vurğun)
9. Səadət (“Əliqulu evlənir”, Sabit Rəhman)
10. Eybəcər qarı (“Şaxta baba və Pərilər”, Emil Əsgərov)
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları:
- Reyhan xanım (“Kəndçi qızı”, Mirzə İbrahimov)
- Zeynəb (“Yaşıl qapı arxasında qadın”, Rüstəm İbrahimbəyov)
- Nazlı (“Tut ağacı”, Firudin Aşurov)
- Günəş ana, Rəfiqə (“Cavanşir” və “Alov”, Mehdi Hüseyn)
- Cahan nənə (“Abidə”, Hüseyn Nəcəfov)
- Tükəz, Nadejda Kolosnikova (“Nəsrəddin” və “Silahdaş”, Yusif Əzimzadə)
- Qonaq (“Şəhərin yay günləri”, Anar)
- Səadət xanım, Məlahət, Xurşud xanım (“Unuda bilmirəm”, “Qəribə oğlan” və “Sən həmişə mənimləsən”, İlyas Əfəndiyev)
- Sənəm, Nənə, Qadın quda (“Zəncirlənmiş toy-büsat”, “Cəsurlar” və “Ölüm hökmü”, Əli Səmədli)
- Şənbə xanım və Gülsüm nənə, Gəlməqapı (“Uca dağ başında” və “Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu)
- Zəhra xanım (“Şeytan işığı”, Kamran Nəzirli)
- Xədicə (“Ağ kəlağayı”, Rafiq Rəhimli)
- Nənə, Dilənçi, Mələk (“Onun iki qabırğası”, “Varlı qadın” və “Köhnə ev”, Əli Əmirli)
- Ulduzə (“İlğım”, Firuz Mustafa)
Tanınmış aktrisa 2024-cü il 1 avqust tarixində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)